Yeni bir kiber dələduzluq növü çox sürətlə Azərbaycanda yayılır. Ölmüş insanların, yaşlı adamların, köhnə nömrələrin, "WhatsApp"ı və "Telegram"ı olmayan adamların nömrələrində hesablar açılır və həmin hesablarda şəxslərin profil fotolarından, məlumatlarından istifadə edilərək, dost və qohumlardan borc, yardım istənilir.
XəzərXəbər xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas məlumat verib.
Onun sözlərinə görə, kiber dələduzluğun bu növünün qurbanları da çoxdur: "2 gün əvvəl bir dostumuzun həyatını itirmiş babası "WhatsApp" hesabı açıb və insanlara yazmağa başlayıb. İşin qorxulu tərəfi təsdiqləmə kodu olmadan dələduzlar bunu edə bilir. Çox diqqətli olmaq lazımdır və təcili "WhatsApp"da 2 mərhələli girişi aktivləşdirməlisiniz.
Texnobloqer onu da qeyd edib ki, hazırda qurbanlar hesablarını bərpa edə bilmirlər:"Çünki dələduz o qədər insana spam, borc istək mesajı atır ki, "WhatsApp" həmin nömrələri bloklayır və nömrəyə qadağa qoyur".