Xəzər Xəbər

"Tik-Tok" istifadəçilərinə ƏLA XƏBƏR - böyük yenilik olacaq

Yaxın zamanlarda "Tik-Tok" böyük yeniliyi təqdim edəcək
Texnologiya | 08:37 • 3 İyun 2022
"Tik-Tok" istifadəçilərinə ƏLA XƏBƏR - böyük yenilik olacaq

2016-cı ildə Çinin internet texnologiyaları şirkəti “ByteDance”ın yaratdığı Tik-Tok platforması bu gün bütün dünyada məşhurdur. Bu, "Musical.ly" əsasında yaradılan sosial media tətbiqidir. Sosial şəbəkənin dünya miqyasında milyonlarla istifadəçisi var, burada bir çox tendensiyalar yaradılır və diktə olunur. İstifadəçi sayı bu günə kimi "Facebook", "YouTube" və ya "Twitter" kimi bazar nəhənglərindən aşağı olmasına baxmayaraq, "Tik-Tok" son illərin ən çox yüklənilən tətbiqlər siyahısına liderlik edir. Tətbiq bizə canlı yayım açmaqla yanaşı, video yaratmaq və paylaşmaq da imkanları təqdim edir.

Eyni zamanda “TikTok” "Instagram" kimi asılılıq yaradan bir şəbəkədir. İstifadəçilər 15, 30, 40 saniyəlik qısa kliplərə dəfələrlə baxır və araşdırmalar göstərir ki, bu, diqqətin azalmasına səbəb ola bilər. Narahatlıq yaradan odur ki, "Tik-Tok" auditoriyasının əhəmiyyətli bir hissəsi beyni hələ də inkişaf etməkdə olan uşaqlardır. Bəs "Tik-Tok"un uşaqlar arasında bu qədər məşhurlaşmasının səbəbləri nələrdir? 

Publika.az-ın suallarını cavablandıran Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov ilk növbədə qeyd edib ki, "Tik-Tok" hazırda yalnız uşaqlar və gənclər deyil, müxtəlif yaş qrupları arasında çox populyardır. Hətta Azərbaycanda yaşlı nəslin nümayəndələri digər rəqəmsal məhsullardan istifadə etməsə də, "Tik-Tok"da aktiv istifadəçidirlər. 

“Hər hansı bir məhsul yarananda, xüsusən də rəqəmsal yeniliklərdən söhbət gedirsə, bu ilk növbədə istehlakçı qrupların tələbatlarını ödəməlidir. İstənilən halda hər hansı bir istifadəçinin tələbatı var və hər hansı rəqəmsal məhsul bu tələbatı ödəyir. O cümlədən də "Tiktok".

Müasir trendlər hazırda yazı formasından video formasına keçidi nəzərə alır, odur ki, "Tik-Tok"un yaradılması trendlərə uyğundur. Bilirik ki, texnologiya inkişaf edir, internetin sürəti artıb, insanlar artıq rahat formada videoya baxa bilirlər. Videoya baxmaq oxumaqdan daha rahatdır, beyin üçün daha passiv formada müşahidə etməyə imkan verir. Bu da müəyyən psixoloji məqamlara aparıb çıxarır. İnsanların məlumatı daha sürətli şəkildə öyrənməyə və asudə vaxtlarında müəyyən videolara baxmaq üçün bir platformaya ehtiyacı var, "Tik-Tok" isə bu tələbatı ödəyir. İnsanlar müxtəlif yeniliklərə maraqlıdırlar, “Tik-toka”qoşulanda hansı istiqamət və mövzulara maraq göstərdiyiniz qeyd olunmalıdır. 

İkinci bir məsələ odur ki, müasir dünyada vaxt çox böyük bir kapitaldır və insan artıq uzun-uzadı videolara baxmaq istəmir. "YouTube"da 10-15 və daha çox vaxtı əhatə edən videolar yüklənilir. Problem odur ki, insanların bu videolara başdan sona qədər baxmağa hövsələsi çatmır. İndiki dövrdə rəqəmsal məhsul daha çoxdur, həm də insanın diqqətini tutmaq çətinləşib. Bu mənada "Tik-Tok" bu trendə də uyğun gəlir. 40-50 saniyəlik videolara insan tez baxıb istədiyini ala bilir. 

"Tik-Tok"un texnoloji quruluşu imkan verir ki, insan rahat formada növbəti videoya keçid edə bilsin. Tik-Tokun trendi tutması, insanların təlabatına uyğun olması digər rəqəmsal platformalarda da "Tik-Tok" tipli məhsulların yaradılmasına gətirib çıxarıb. "YouTube" və "Facebook" bu istiqamətdə barmaqla keçid edə biləcəyimiz qısamüddətli video və digər yeniliklər yaradılıb”. 

Fərid Kazımov qeyd edib ki, "Tik-Toka" marağın böyük olmasının daha bir səbəbi odur ki, müxtəlif təlabatlara uyğun videolar tapmaq olar. 

“Musiqili kliplər, gülməli videolar və s. Bu tətbiq hələ inkişaf etməkdədir, onun son məhsulu növbəti mərhələdə olacaq. Ümid edirəm və əminəm ki, "Tik-Tok" yaxın vaxtlarda transformasiya edəcək, müəyyən bir hissəsi təhsil platforması olacaq, təhsil almaq istəyən insanlar qısamüddətli videolara baxıb biliklərini artıra biləcəklər. Müəyyən digər məsələlər olacaq və bu ekosistemdə bir neçə müxtəlif məhsullar inkişaf edəcək. Onlar insanlarla müxtəlif iteratsiyalar quraraq tələbatları öyrənir və bu tələbatlara uyğun olaraq öz kiçik məhsulaltı servislərini testdən keçirir.  Yəqin ki, yaxın zamanlarda biz "Tik-Tok"un yeni formatda çıxışını görəcəyik”, - mütəxəssis qeyd edib.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024