Rusiyadan qaynaqlanan və çox ciddi nəticələrə səbəb ola biləcək haker fəaliyyətləri gündəmdən düşmür.
Mütəxəssislər bu dəfə "NewProfilePic” adlı proqramla bağlı xəbərdarlıq edib. İstifadəçilərə pulsuz rəqəmsal avatar təqdim edən yeni telefon proqramı üz tanınmasından istifadə etdiyinə görə kibertəhlükəsizlik baxımından narahatlıq doğurub. Belə ki, son vaxtlar dəbdə olan bu tətbiqin Moskvada qeydiyyatdan keçmiş texnologiya şirkəti tərəfindən hazırlandığı bildirilib. Onlayn proqram istifadəçilərə fotoşəkili cəlbedici, yüksək stilizə edilmiş cizgi filmi üslublu şəkillərə çevirmək şansı təqdim edir. On minlərlə insan artıq öz şəkillərini "New Profile Pic” proqramının serverlərinə yükləyib.
"ESET” İnternet Təhlükəsizliyi üzrə qlobal kibertəhlükəsizlik məsləhətçisi Cek Mor "MailOnline”a açıqlamasında bildirib ki, insanlar fotoşəkilləri və ya şəxsi məlumatları yeni vebsayta yükləyərkən diqqətli olmalıdırlar:
"Bu proqram, yəqin ki, insanların üzlərini müəyyən etməyin bir yoludur və mən şəxsən bu qədər məlumat tələb edən, xüsusən də tanınmayan proqramı sorğulayaram. İnsanlar fotoşəkilləri və ya digər şəxsi məlumatları tamamilə yeni veb-sayta yükləməzdən əvvəl, mümkünsə, özləri lazımi araşdırma aparmalıdırlar. Əksəriyyət arzuolunmaz bir şeyin baş vermə ehtimalını şübhə altına almasa da, göstərilən məlumatların miqdarı çox vaxt istifadəçinin paylaşmaq istədiyindən çox ola bilər və bu da təhlükəsizlik problemləri yaradar”.
Tətbiqin arxasında duran şirkət isə yayılan məlumatları təkzib edib. Səlahiyyətli şəxslər "MailOnline”a bildiriblər ki, şirkət Britaniyanın Virgin adalarında yerləşən qurumdur:
"Biz Rusiya, Ukrayna və Belarusiyada inkişaf və müştəri dəstəyi ofisləri olan bir şirkətik. Şirkətin top menecmenti və layihələrin əksəriyyətinin menecerləri bu ölkələrdən gəlib. Bütün istifadəçi şəkilləri Rusiya Federasiyasından kənarda yerləşən Amazon AWS və Microsoft Azure serverlərində yerləşdirilir və işlənir. Moskva çayı üzərindəki ünvan şirkəti qeydiyyatdan keçirmiş vəkillərin ünvanıdır. Bizim orada heç vaxt ofisimiz olmayıb. Düzdür, domen adı Moskvada qeydiyyatdan keçib. Bu, şirkətin təsisçisinin keçmiş Moskva ünvanıdır. O, hazırda Rusiya Federasiyasında yaşamır. Çaşqınlığın qarşısını almaq üçün ünvan dəyişdirilib. Başa düşürük ki, Ukraynada baş verən hadisələrə görə Rusiya ilə hər hansı əlaqə şübhə doğura bilər”.
Məlumata görə, sözügedən şirkət Moskvada qeydiyyatdan keçmiş "Linerock Investments Ltd”dir.
Bəs tətbiqi yükləsəniz, nələr ola bilər?
Proqramı endirən istifadəçilər sosial media lentlərində yerlərini, istifadə etdikləri cihaz haqqında təfərrüatları və digər fotoşəkillərini paylaşmağa icazə verməyə razı olur. Şirkətin bu siyasəti isə çox aydındır – "sizin könüllü olaraq bizə təqdim etdiyiniz müəyyən şəxsi məlumatları toplayırıq”.
Şirkət, həmçinin digər şirkətlərdən istifadəçi haqqında məlumat toplayır və onları öz fayllarında birləşdirir, kompüterlərdən IP ünvanını, brauzer tipini və parametrlərini və ya mobil telefonundan cihaz məlumatlarını yığır.
Məlumata görə, "Apple”ın tətbiq mağazasında bu proqram foto və video cədvəlində birinci olub, "Google Play Store”da isə 25 000-dən çox insan tərəfindən qiymətləndirilib./Sfera.az