XəzərXəbər Kulis.az-a istinadən aktrisa Rəhilə İbadova haqqında maraqlı faktları təqdim edir.
Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən A. Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa kimi fəaliyyət göstərir.
***
"Tık-tık xanım", "Cırtdan" və bir çox nağıl qəhrəmanlarını oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində rol alıb.
Rəhilə İbadova
Uşaqlıq illəri "Sovetski"də keçən aktrisa çox erkən - 16 yaşında ərə gedir. Aktrisa tez ailə qurması barədə belə deyir: "O vaxtı elə idi. Qızın on altı yaşı olanadək ərə getmirdisə, deyirdilər, evdə qalıb. Özüm də onda kök idim, böyük görsənirdim."
***
Rəhilə İbadovanın beş uşağı dünyaya gəlir. 1999-cu ildə isə aktrisanın həyat yoldaşı vəfat edir.
Rəhilə İbadova
2006-cı ildə heç kimin gözləmədiyi halda tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilir və Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilir.
***
Aktrisanın müğənni bacısı Firuzə İbadova həmin vaxtlar bu hadisə haqda danışarkən bildirib:
"Mənim bacımı şərləyiblər. Ona məxsus olan evi və pulu əlindən alıblar. Bacım bir müstəntiqin şərinə düşdü. Amma indi o, bacımdan halallıq istəyir. Yeddi il bacım heç nədən cəza çəkdi. Sonda ədalət yerini tapdı. Müstəntiqin özünü cəzalandırdılar. Bacıma həbs müddətində yaxşı hörmət edirdilər. Digər məhbuslarla yox, öz şəxsi otağında qalırdı. Yaxşı baxırdılar. O, 38 ilin sənətkarı olub. Aktrisa idi. Çox üzüntülü bir həyat yaşadı. Onunla bərabər hamımız yandıq. Onu bu günə salanları görüm ondan da o yana getsinlər. Həm mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər."
Rəhilə İbadova
O dövrdə mətbuatda gedən məlumatlara görə Firuzə İbadovanın bir yox, iki bacısı həbsdəymiş. Belə ki, 2006-cı ilin oktyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə çağırılan aktrisa Rəhilə İbadova oradaca həbs olunur. İş üzrə təxminən 70 nəfər şahid dindirilir. Aktrisa həbs olunmasında əsas səbəbkar kimi onunla birgə fəaliyyət göstərən atadan bir, anadan ayrı bacısı Şəfiqə İbadovanı günahkar görür, onu uşaq oğurluğunda belə ittiham edir.
***
Aktrisanın həbs olunması ilə bağlı açılan cinayət işində mətbuata sızan bəzi məqamlara görə Rəhilə İbadova 2004-cü ildə təsadüfən Vaqif adlı şəxslə tanış olur. Vaqif Azərbaycan və Rusiya ilə əlaqəli bir cəmiyyətdə işlədiyini deyir. O, Bakıda yaşayan tənha rus qadınlarının öləndən sonra evlərinin satılaraq vəsaitin paytaxtdakı rus kilsələrinə köçürüldüyünü deyir. Bu fürsətdən istifadə edib Rəhilə İbadovaya münasib qiymətə ev almağı təklif edir. Aktrisa üçün bu təklif göydəndüşmə olur. Ona görə də Vaqifə 10 min dollar verərək evlərdən birini alır. Hətta evi alarkən mənzildəki tənha qadına sahib çıxmasına da razı olduğunu bildirir.
Firuzə İbadova, Rəhilə İbadova və aparıcı Yusif
İttiham aktına görə isə Rəhilə İbadova "Toğrul" Hüquq Firmasının müdiri Yusif Allahyarovun başçılıq etdiyi dəstə üzvlərindən biri imiş. Dəstə üzvlərinin əməllərindən 12 nəfər zərər çəkir. Y.Allahyarovun yaratdığı dəstə üzvləri tənha qocalara məxsus mənzilləri ələ keçirmək üçün onlara müxtəlif yuxugətirici dərmanlar, spirtli içkilər içirməklə mənzillərinin alğı-satqısı ilə bağlı sənədləri imzalamağa məcbur edirlər. Evi əlindən alınan Zinaida Ulyanovskaya adlı qadın yeməyinə yuxu dərmanı və təzyiq salan preparatlar qatıldığı üçün dünyasını dəyişir. Dəstə üzvü, aktrisa Rəhilə İbadova Yusif Allahyarovun göstərişi ilə bacısı Şəfiqə İbadova və Vera Kozlovanın mənzilini ələ keçirir. Dəstə başçısı həmçinin ayrı-ayrı şəxsləri aldadaraq, onlardan borc adı ilə külli miqdarda pul almaqda ittiham olunur.
***
Cəza çəkdiyi dövrdə aktrisa həbsxanadakı Dram Dərnəyinin rəhbəri olur. Azadlıqda olarkən namaz qılıb, oruc tutan aktrisa ibadətini həbsdə olarkən də davam etdirir. Rəhilə İbadova həm də həbsxanada başı örtülü olan tək-tük məhbusdan biri imiş. Həbsxanada məhbuslar arasında dava, söyüşmə olsa da, o, heç kimlə dava etmədiyini və "ağzını saxladığını" deyir.
Rəhilə İbadova övladları ilə
Bacısı müğənni Firuzə İbadova ona çox dəstək olur. Rəhilə xanımın anası ilk dəfə həbsxanaya qızı ilə görüşə gedərkən onun sınıxdığını, rənginin saraldığını görüb deyir: "Vaxsey, səni burda döyüb yeməyini əlindən alırlar. O isə anasına deyir, ay mama, kimdir məni döyən? Burdakı şəraitdən razıyam. Ancaq anam, balalarım, ən çox da nəvələrim üçün darıxıram. Özümün günahkar olmağımla bircə faiz razıyam. Bir misalda deyildiyi kimi, çoxbilmiş tamahkar quş dimdiyindən tora düşər. Mən dimdiyimdən tora düşmüşəm..."
***
Rəhilə İbadova 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Sonradan onun cəza müddəti 8 ilə endirilir. Aktrisa vaxtından əvvəl - 2013-cü il dekabrın 11-də azadlığa çıxır.
Rəhilə İbadova
Rəhilə İbadova həbsxanadan çıxanda mətbuata verdiyi açıqlamada həbs olunmağına görə müstəntiqi günahlandıraraq deyir: "Düzgün iş aparmadı. Həm pulum getdi, həm canım. "
***
Aktrisa Rəhilə İbadova hazırda Dövlət Kukla Teatrında fəaliyyətinə davam edir.