Bu gün Baş prokurorun birinci müavini Elçin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həmçinin Gəncə Şəhər Prokurorluğunun əməkdaşlarının iştirakı ilə şəhərin yeni prokuroru Rauf Gözəlov kollektivə təqdim edilib.
Bu barədə Xezerxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Elçin Məmmədov çıxışında dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl hüquq islahatlarının prokurorluq orqanlarında uğurla davam etdirildiyini deyərək, Gəncə Şəhər Prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə əmin olduğunu bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında şəhər prokurorluğunun digər hüquq-mühafizə orqanları və aidiyyəti dövlət qurumları ilə birgə dövlət və dövlətçiliyin qorunması naminə koordinasiyalı fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Müşavirədə çıxış edən Gəncə şəhər prokuroru Rauf Gözəlov prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə çalışacaqlarını, vətəndaşların qəbuluna və müraciətlərinə həssaslıqla yanaşılmaqla məmnuniyyətin əldə olunması naminə səfərbər olacaqlarını qeyd edib.
Həmçinin Baş prokurorun digər müvafiq əmrləri ilə Lənkəran rayon prokuroru təyin edilmiş Azad Qarayev və Qazax rayon prokuroru təyin edilmiş Rövşən Əliyev də bu gün kollektivə təqdim olunub.