Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şuşa-Laçın avtomobil yolunun 8-ci kilometrində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Xezerxeber.az-a FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənləşdirilib ki, “HOVA” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşını yol kənarına aşırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sürücü, 1980-ci il təvəllüdlü Rafail Səxavət oğlu Rəcəbovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.