Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 2024-cü il 14 oktyabr tarixində mina hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd olunub ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!