Oktyabrın 9-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində olub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, məktəbdə yaradılmış şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət edib.
Məktəbin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi nailiyyətlər, müasir tədris metodları barədə məlumat verən direktor Azər Niftəliyev qeyd edib ki, hazırda təhsil müəssisəsində 162 şagird təhsil alır.
Daha sonra məktəbin pedaqoji kollektivi ilə keçirilən görüşdə nazir müavini ümumi təhsil müəssisələrinin idarə olunması və tədrisin təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, müəllimlərin təkliflərini dinləyib.
Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçasında yaradılmış şərait ilə də tanış olub, tərbiyəçi müəllimlərlə söhbət aparıb.