Zəngilan şəhərində təməli qoyulan beş və altıncı yaşayış məhəlləsində, ümumilikdə, 511 mənzil olacaq.
Xezerxeber.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, beşinci yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Kompleks məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə, bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.
Altıncı yaşayış kompleksi isə orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq. Baş plana uyğun olaraq, burada 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası planlaşdırılır. Burada tikiləcək yaşayış binalarında 177 mənzil olacaq.
Hazırda tikinti işlərinin davam etdiyi Zəngilan şəhərindəki 104 mənzilli yaşayış kompleksinin təməli isə 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.
Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.