Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat ayyıb.
Məlumata görə, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yük maşınları eyni ərazidə idarəetmədən çıxaraq yol ayrıcına çırpılıblar. Nəticədə yol ayrıcında olan dəmir tirlər və bir işıq dirəyi sıradan çıxıb.
Dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.