Böyük Qafqazın ətəklərinə yaxın ərazilərdə yerləşən Yuxarı Çardaqlar, Mazıx, Car və Muxax kəndlərinin inzibati ərazilərinə aylıq normadan bir neçə dəfə çox yağıntı düşüb. Nəticədə Yuxarı Çardaqlar və Muxax kəndlərinin daxilindən keçən arx və bəndlərdə, yollarda sel suların artmasına səbəb olub. Sel kəndlərdə bir sıra həyətyanı sahələri basıb, bəzi kənd daxili yolların infrastrukturna ziyan dəyib.
Leysan səbəbindən rayonun Yuxarı Tala, Muxax, Yuxarı Çardaqlar və Car kəndlərinə elektrik enerjisinin verilməsində bir müddət fasilə yaranıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, Zaqatala şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsi ilə bağlı məhdudiyyətlər səhər saatlarında qısa zamanda aradan qaldırılıb. Adları çəkilən kəndlərin də bir qisminə enerji verilib. Hazırda elektrik təsərrüfatının əməkdaşları, eləcə də digər sahələr üzrə briqadalar fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.
Rayon Suvarma Sistemləri İdarəsinin ağır texnikaları iri çayların kənarında baş verə biləcək daşqınlara görə hazır vəziyyətə gətirilib.