Yarıyev Qənbər Teymur oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Qənbər Yarıyevin nəşinin qalıqları isə doğma yurdu Salyanda torpağa tapşırılıb.
Xezerxeber.az xəbər verir ki, şəhid Qənbər Yarıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimindən sonra şəhidin nəşin qalıqları dəfn üçün Şəhidlər xiyabanına gətirilib, yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu 1966-ci ildə Salyanda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanıb.