Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında aparılan tədqiqatlar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkar olunub.
Xezerxeber.az xəbər verir ki, arxeoloji tədqiqatlatlara iyul ayının 15-dən başlanılıb.
Tədqiqatlar zamanı qalada otaqlar, miniatur saxsı materiallardan hazırlanan kaşalar və 8 metr uzunluqda saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb. Bu barədə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib. Onun sözlərinə görə, aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir: “Həmin kaşıların qalada aşkar olunması çox möhtəşəm memarlıq üslubunda olan bir binanın olmasının göstəricisidir. Burada 8 metr uzunluqda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının fundamentinə gəlib çatmışıq. Bu qalanın özəlliyi ondan ibarətdir ki, bura bir fenomendir və el arasında buraya Divəkə qalası, “divlər evi” adlandırıblar”.
Ekspedisiyanın üzvü Ülkər Camalova bildirir ki, qalada daha çox fayans tipli keramika nümunələri üstünlük təşkil edir: “Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər məhz firuzəyi rəngdə üstünlük təşkil edirdi. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd göy, mavi, qara, ağ rəngli nümunələrinə daha çox rast gəlinir. Azərbaycanda çaşının ən gözəl nümunələri XIII əsrdən başlayıb. Buna hardasa cənubi Azərbaycanda, hal-hazırda Marağa şəhərində, Qırmızı Gümbəz adlanan abidədə rast gəlinir. Daha sonra Təbrizdəki Göy məscidi göstərə bilərik ki, burda kaşılardan geniş istifadə olunub. Naxçıvanda Möminə Xatun türbəsinin dekorativ-estekik görünüşünü kaşılar bəzəyib”.
Qeyd edək ki, Alaşa kəndi ərazisində 70 metr hündürlükdə yerləşən müdafiə istehkamı Əlişah qalası İran ilə həmsərhəddir. Qaladan Xəzər dənizi aydın müşahidə olunur. Bu da o deməkdir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə seçilib.