Xəzər Xəbər

Şəhid Surxay Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb

Region | 14:10 • 1 Avqust 2024
Şəhid Surxay Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun nəşinin qalıqları Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərlikləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və media mənsubları iştirak ediblər.

Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, ruhuna dualar oxunub. Sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı şəhidin qardaşı Vüqar Məmmədova təqdim edilib.

Qeyd edək ki, şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən birində aşkar edilib.

Xəbər lenti

Çox oxunanlar