Birinci Qarabağ müharibəsində döyüşən oğlu Fəqan Vəliyevdən xəbər almaq üçün döyüş əməliyyatları olan əraziyə yollanan Vəliyev İbrahim Ələşrəf oğlu 1993-cü il avqustun 23-də Füzuli rayonu Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində itkin düşmüşdü.
Xezerxeber.az xəbər verir ki, 31 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən İbrahim Vəliyevin nəşinin qalıqları doğma yurdu İmişlidə torpağa tapşırılıb.
İbrahim Vəliyevin nəşi İmişli sakinləri tərəfindən izdihamla qarşılanıb, Muradxanlı kəndində ailəsinin yaşadığı evə gətirilərək vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb.
Mərasimdə ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra nəşin qalıqları dəfn üçün Muradxanlı kənd məzarlığına gətirilərək yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Vəliyev İbrahim Ələşrəf oğlu 1924-cü ildə İmişli rayonunda dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən oğlundan xəbər almaq məqsədi ilə döyüş əməliyyatlarının olduğu bölgəyə gedərkən Füzuli rayonu Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində itkin düşüb. Onun nəşinin qalıqları isə Ağdam rayonunun Əfətli kənd məzarlığında aşkar olunub.