Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.
Xezerxeber.az xəbər verir ki, şəhidin dəfn mərasimində kənd sakinləri, ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşmüş sayılırdı.