Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuriyev Şöhrət Telman oğlunun meyitinin qalıqları Ucar rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Xezerxeber.az xəbər verir ki, şəhidin nəşi rayonun Əlikənd kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Nuriyev Şöhrət Telman oğlu 1993-cü il aprelin 14-də Murovdağ istqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.