Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Yeni tunellər inşa olunacaq, sərt döngələr ləğv ediləcək, nəticədə yol 9,2 kilometr qısalacaq.
Xezerxeber.az-ın məlumatına görə, yolda aparılan tikinti işləri barədə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Qəzənfər Səfərov bildirib ki, ikinci texniki dərəcəyə uyğun layihələndirilən yolda iki hərəkət zolağı olacaq. Mövcud yolun uzunluğu 43,2 kilometrdir. Yeni layihə üzrə yolun uzunluğu isə 34 kilometrdir.
Qəzənfər Səfərovun sözlərinə görə, yolda ümumi uzunluğu 2380 metr olan 4 tunel, ümumi uzunluğu 160 metr olan 2 körpü, 55 ədəd müxtəlif ölçülü dairəvi boru, 18 ədəd düzbucaqlı boru, 45 kilometrə yaxın drenaj kanalları inşa olunacaq.
Layihənin gələn ilin sonunadək yekunlaşması nəzərdə tutulur.