Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımovun cəsədinin qalıqları mayın 7-də Xaçmazda dəfn olunub.
Xezerxeber.az xəbər verir ki, 1994-cü ilin fevral ayında Füzulidə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 30 il sonra doğma yurdunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Xatırladaq ki, Qayımov Elşad Şirin oğlu 8 yanvar 1974-cü ildə Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Birinci Qarabağ müharibəsində Füzuli rayonunun yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1994-cü ildə valideynlərinə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.
Aparılan araşdırmalardan sonra Elşad Qayımovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.