Ağcabədidə qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ağcabədi Rayon Prokurorluğu məlumat yayıb.
Məlumata görə, mayın 2-də Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.