Xəzər Xəbər

Laçın şəhərində yolların bərpası yaxın müddətdə yekunlaşacaq

Region | 10:09 • 5 Oktyabr 2023
Laçın şəhərində yolların bərpası yaxın müddətdə yekunlaşacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə və keyfiyyətlə icra edir.

Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllə daxili yolların bərpasından ibarətdir. Küçə və məhəllə daxili yolların eni 4-11 metr arası dəyişir.

Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulur ki, bu da burda yaşayan əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişi təmin edir.

Xəbər lenti