Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından üç il ötür.
Xezerxeber.az xatırladır ki, 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.
Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.
5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.
Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.