Zaqatalaya yağan leysan və dolu fəsadlar törədib
Xezerxeber.az xəbər verir ki, səhər saatlarından rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürür, əsasən rayonun dağlıq əraziləri və ona yaxın yaşayış məntəqələrində yağış yağıb.
Küləklə müşayiət olunan leysan sonradan doluya çevrilib. Dolu əsasən rayonun Mazıx və Yuxarı Tala kəndlərinə, qismən də Car kəndinə düşüb. Dolu meyvə ağaclarına ziyan vurub, bəzi evlərin həyətlərini sel suları basıb, elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
Mazıx kənd sakinlərinin sözlərinə görə, dolu kənddə bir neçə evin dam örtüyünə zərər vurub. Həmçinin həyətlərdəki avtomobillər də doludan zədələnib.
Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, eləcə də müvafiq təşkilatların əməkdaşları adıçəkilən kəndlərdə fəsadların aradan qaldırılmasına və dəymiş ziyanın hesablanmasına cəlb edilib.