Xəzər Xəbər

Müəllimlər attestasiyadan keçiriləcək

Mədəniyyət | 11:48 • 6 Dekabr 2024
Müəllimlər attestasiyadan keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə attestasiyanın keçirilməsi nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, bu barədə dekabrın 6-da Muzey Mərkəzində keçirilən mətbuat konfransında bildirib.

Mətbuat konfransında attestasiyanın hansı müddət ərzində və hansı mərhələlərlə keçirilməsi məsələsinə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, mədəniyyət nazirininmüşavirləri Cəsarət Valehov və Cahangir Səlimxanov aydınlıq gətiriblər. Diqqətə çatdırılıb ki, attestasiyanın ölkə üzrə 2025-2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. Çıxış edənlər, ilk növbədə, fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın keçirilməsi məsələsinə də toxunublar. Qeyd edilib ki, fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin sayı bütün müəllimlərinin ümumi sayının 57%-ni (fortepiano 45 % və musiqi nəzəriyyəsi 12%) təşkil edir.

Attestasiyanın başlanılması üçün nazirlik və müəssisələr tərəfindən aparılacaq sənədləşmə işləri ilə bağlı məlumat verilərək bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yuxarı orqan kimi attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir. Qaydalara uyğun olaraq attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin (2025-ci il) başlanmasına qədər məktəb rəhbərliyi tərəfindən təsdiq edilməlidir. 

İlk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar