Xəzər Xəbər

Friderik Şopenin naməlum valsı tapılıb

Mədəniyyət | 13:52 • 29 Oktyabr 2024
Friderik Şopenin naməlum valsı tapılıb

ABŞ-nin Manhetten bölgəsində yerləşən Morqan Elmi Kitabxana və Muzeyində bəstəkar Friderik Şopenin naməlum valsının əlyazması aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, “New York Times” qəzeti bu barədə kitabxananın əməkdaşı Robert Makklellana istinadla məlumat yayıb.

Məlumata görə, valsın əlyazması kitabxanaya 2019-cu ildə bir nəfərin vəsiyyəti əsasında gətirilib, lakin koronavirus pandemiyası səbəbindən kataloqa salınmayıb. Valsın Şopenin təxminən 20 yaşı olan vaxtlara - 1830-1835-ci illərə təsadüf etdiyi güman olunur.

“Əsər tamamlanmış hesab edilsə də, Şopenin digər valslarından daha qısadır - təkrarla cəmi 48 takt və ya təxminən 80 saniyə”, - deyə məqalədə bildirilir.

Əlyazmanı infraqırmızı və ultrabənövşəyi şüalar altında təhlil edən kitabxana işçiləri əsərin XIX əsrə aid mürəkkəblə yazıldığını müəyyən ediblər. Vals Şopenin 1830-cu illərin əvvəllərində bəstələdiyi əsərlərinin üslubuna uyğun gəlir.

Xəbər lenti