Xəzər Xəbər

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib

Mədəniyyət | 18:50 • 21 Fevral 2024
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə yazıçının oğlu Elay Süleymanlı məlumat verib. 

Onun sözlərinə görə, atası bir müddət əvvəl insult keçiribmiş: "İnsult keçirmişdi, 10 gün idi ki, komada idi. Təxminən yarım saat əvvəl dünyasını dəyişdi".

Balakişiyev Mövlud Süleyman oğlu 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") anadan olub.

O, Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirərək 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub və 1967-ci ildə oranı bitirib.

Ədəbiyyata ötən əsrin 70-ci illərində gələn yazıçı yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub.

Mövlud Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərlər və vətənpərvərlik hisləridir.

Müəllifin ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb. Bundan sonra bir-birinin ardınca hekayə və povestləri mətbuatda çap olunmağa başlayıb.

"Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" povest və hekayələrindən ibarət olan kitabı 1979-cu ildə "Ayın aydınlığında" adı ilə nəşr olunub.

Sözügedən kitabdan sonra müəllif həm ədəbi ictimaiyyət, həm də oxuycular arasında nasir kimi şöhrət qazanıb. "Şanapipik", "Duzsuzluq", "Ot" kimi hekayələr isə yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır və Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən hesab edilir.

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət etməyə başlayıb.

Müəllifin "Köç", "Ceviz qurdu", "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafına çox böyük töhfə verib.

1980-ci ildə qələmə aldığı “Köç” romanında xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açılır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır.

Mövlud Süleymanlı 1968-ci ildən etibarən Аzərbаycаn Dövlət Radiosunda çalışıb.

Azərbaycan Dövlət Radiosunda onun rəhbərliyi ilə "Respublika", "Dan yeri", 'Dünəndən bu günə", "Bizdən sonra", "Sarıtel", "Xeyrə qənşər", "Bulaq başı", "Mövqe", "Аxtarış", "Dövran", "Qürbətdə qalan Vətən", "Parlament saatı", "Gündoğandan gün batana", "Eşidirsizmi?", "Qonaq eldən gələr", "Var səsimlə", "Çiyin çiyinə", "Tanrı duaları" və s. verilişlər efirə çıxıb.

1992-ci ilin sonlarında isə Azərbaycan Dövlət Tele-Radio Şirkətinin Radio üzrə sədr müavini vəzifəsinə gətirilib və 17 il bu vəzifədə olub. Onun rəhbərliyi ilə folklor, etnoqrafiya yönündə yeni "Sizə hardan deyim?", "Təbriz gözəlləməsi", "Şirvan gözəlləməsi", "Yurd yeri" və s. kimi verilişlər hazırlanıb.

Yazıçı, bununla yanaşı, 1976–1980-ci illərdə Yazıçılar İttifaqının orqanı olan "Ulduz" jurnalında nəsr şöbəsində, 1980–1988-ci illərdə "Azərbaycan" jurnalının nəsr şöbəsində rəhbər kimi fəaliyyət göstərib. Onun ssenarisi əsasında "Bəyin oğurlanması" və Moskva Dövlət Kinematoqrafiya Komitəsinin sifarişilə "Çətirimiz buludlardır" bədii televiziya filmləri çəkilib.

Ədibin 1992–1993-cü illərdə baş redaktorluğu ilə "Oğuz eli" adlı müstəqil qəzet nəşr olunub.

O, Azərbaycan ədəbiyyatına xidmətinə görə, 2006-cı ildə Xalq yazıçısı adına layiq görülüb.

“Şöhrət” və “Şərəf” ordenləri laureatıdır.

Mövlud Süleymanlı bir neçə gün öncə beyninə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Alah rəhmət eləsin!

Xəbər lenti