Vinsent Van Qoqun yaradıcılığının erkən dövrünə aid olan rəsm əsəri qaytarıldıqdan sonra ilk dəfə nümayiş etdiriləcək. Bu bədii tablo 2020-ci ilin martında COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər zamanı Amsterdamın yaxınlığındakı Linger Zaren Muzeyində gecə qarəti vaxtı oğurlanmışdı. Rəsm əsəri Qroninger şəhərindən gətirilmişdi və həmin muzeydə müvəqqəti nümayiş olunurdu. Polisin yaydığı videomaterialda bir kişinin gecəyarısı şüşə qapını sındırması və tablonu alaraq qaçması aydın görünürdü.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, rəsm əsərinin aparıldığı yer üç il yarım müddətində müəyyən edilməyib, lakin təhlükəsizlik mülahizələrindən adı açıqlanmayan və “incəsənət aləminin İndiana Consu” kimi tanınan bir xəfiyyə sensasiyalı şəkildə onu tapa bilib.
“Bahar fəslində Nyuenendə pastor evinin bağı” adlı tablo 1884-cü ildə çəkilib və onun dəyəri 6 milyon avrodur. Rəsm əsəri Rotterdam Muzeyində jurnalistlərə göstərilib, amma onun üzərində qarət vaxtı vurulmuş zərər – aşağı hissədəki dərin çapıq var.
Tablonun bərpaçı rəssamı Maryan de Visser bildirib ki, hazırda rəsm əsərinin üzərində gərgin iş aparılır. Belə ki, onun səthindəki çirk təmizlənib, restavrasiya üçün hazırlıq mərhələsi qismində parlaq lak götürülüb.
Geniş ictimaiyyət tablonu martın 29-da Niderlandın şimalında yerləşən Qroninger Muzeyində görə biləcək.
Bu tablo Vinsent Van Qoqun günəbaxan və parlaq avtoportretlərlə zəngin olan postimpressionist əsərlərdən ibarət yaradıcılığının erkən dövrünə aiddir. De Visserin də qeyd etdiyi kimi, “gənc Van Qoq Antverpendə Rəssamlıq Akademiyasına daxil olduğu vaxt öz portretlərini çəkib”.