Parisdəki Luvr muzeyi yanvar ayından giriş üçün baza ödənişini 29 faiz yüksəldəcək. Bundan başqa, 2024-cü ildə şəhərdə nəqliyyat və otel qiymətləri də artırılacaq. Bu, gələn yay Parisə Olimpiya Oyunlarını izləməyə gələn ziyarətçilərin böyük xərclərlə qarşılaşacağından xəbər verir.
Xezerxeber.az xəbər verir ki, dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvrda 2024-cü ilin yanvarından giriş üçün ödənişin 17 avrodan 22 avroyadək (23,7 dollar) artırılacağı barədə rəsmi bəyan ediblər. Bu, 2017-ci ildən bəri qiymətlərin birinci artımıdır. Administrasiya bu qərarı onunla əlaqələndirib ki, daha yüksək tarif muzeyə elektrik enerjisinə artan xərclərin öhdəsindən gəlməkdə, yaşı 18-dək ziyarətçilər, eləcə də müəllimlər və jurnalistlər kimi müəyyən insanların muzeyə ödənişsiz giriş xərclərini qarşılamaqda kömək olacaq.
Qeyd etmək yerinə düşər ki, bəyanatda 2024-cü ildə Olimpiya Oyunlarının keçiriləcəyi faktı xatırladılmır. Lakin Luvrda qiymətlərin artırılması Parisdə artan digər xərclərlə üst-üstə düşməlidir, çünki şəhər əsas idman yarışlarının keçirilməsinə hazırlaşır.
Məsələn, gələn il iyulun 26-da start götürəcək Olimpiya Oyunları zamanı Paris metrosuna biletlərin qiyməti təqribən iki dəfə artacaq.
Bundan başqa, gələn yay Parisə üz tutacaq turistlər otel qiymətlərinin kəskin artımı və turist apartamentlərinin kirayəsinə dair tədbirlərin sərtləşdirilməsi ilə yanaşı, yerləşdirmə ilə bağlı ciddi problemlərlə də qarşılaşacaqlar.
Paris turizm bürosunun hesabatına əsasən, otellərin qiymətləri 2023-cü və 2024-cü il yay mövsümləri dövründə 300 faiz artacaq.