Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Tərəqqi” medalı ilə təltif olunmuş Könül Hüseynova və Azərbaycan Respublikasının Əməkdar artisti, baş müəllim Nigar Məlikova Türkiyənin Antalya şəhərində Gürcüstan Respublikasının “Gürcü Folkloru və Klassik Musiqi İttifaqı” nın təşkilatçılığı ilə keçirilən “Harmony”- XI Beynəlxalq ifaçılıq müsabiqəsində fortepiano dueti nominasiyası üzrə 1- ci dərəcəli mükafata layiq görülərək müsabiqənin qalibi olmuşlar.
Könül Hüseynova 2004-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim kimi fəaliyyət göstərir. Bu illər ərzində elm sahəsində böyük uğurlara imza ataraq bir sıra monoqrafiya və müxtəlif dərs vəsaitlərinin müəllifidir. Onun SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylinin həyat və yaradıcılığından bəhs edən “Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2007-ci ildə kitab nominasiyası üzrə “Humay” Milli mükafatına layiq görülmüşdür. O, müxtəlif Beynəlxalq Konfranslarda mütəmadi olaraq iştirak edir, həmçinin 2019-cu ildə ölkəmizdə də keçirilən elmi-praktik konfransın təşkilatçısı olmuşdur. Davamlı olaraq ölkəmizdə və xaricdə keçirilən konsertlərdə çıxış etməkdədir. Onun sinfinin tələbələri Beynəlxalq müsabiqələrin laureatı adlarını qazanmışlar. Könül Hüseynova son iki ildə Xalq artistləri və şəhid övladları tərəfindən təşkil olunmuş “Qəhrəman övladları” xor qrupunun ifasında səslənən vətənpərvərlik mövzusunda çoxsaylı mahnıların- “Yenilməzsən Azərbaycan”, “Şuşam mənim”, “Şəhidlik zirvəsində”, “Murov qartalı”, “Qəhrəman övladıyıq” və s mahnıların müəllifidir. Onun “Qoruyaq dünyamızı” adlı kompozisiyası isə qeyd edilən “Harmony XI” Beynəlxalq İfaçılıq Müsabiqəsi” çərçivəsində təşkil olunmuş Beynəlxalq Festivalda da müəllifin özü və tərəf müqabilləri Nigar Məlikova və Pərvavə Xanlarova ilə trio şəklində təqdim olunaraq xarici dinləyicilərin böyük marağına səbəb oldu.
Eyni zamanda qeyd olunan nominasiya üzrə müsabiqənin qalibi Nigar Məlikova Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2002-ci ildən fəaliyyət göstərir. O, bu illər ərzində bir çox böyük layihələrdə, SSRİ və Azərbaycanın Xalq artistləri, professor Fidan və Xuraman Qasımova bacıları ilə dünyanın müxtəlif ölkərində geniş konsert proqramları ilə çıxış etmiş, o cümlədən - “Üns” Yaradıcılıq səhnəsi, Fransa və ABŞ səfirliklərinin təşkil etdiyi layihələrdə, Azərbaycan (Bakı), Ukrayna (Truskavets), ABŞ ( Nyu-York) - da təşkil olunmuş Vokalçıların Beynəlxalq Müsabiqələrində, Ümumdünya Mədəniyyət Festivalı (Berlin), Heydər Əliyevin xatirəsinə həsr olunmuş Festival “Im Rathaus Charlottenburg” (Berlin), bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert (Avstriya-Vyana), MasterClass “Belcanto” (İtaliya-Florensiya), ABŞ ( Nyu-York -Carnegie Hall) eləcə də Azərbaycanın müxtəlif şəhərlərində təşkil olunmuş konsert, müsabiqə və festivallarda uğur qazanmış, təşəkkürnamə, sertifikat və diplomlarla təltif olunmuşdur.
Nigar Məlikova elm sahəsində də fəaliyyətini davam etdirərək bir sıra yerli və Beynəlxalq konfranslarda iştirak etmiş, həmçinin “Pedagogical skills of musicians” Beynəlxalq müsabiqəsinin fortepiano nominasiyası üzrə laureatı olmuşdur.
11 ildir ki, Türkiyənin Antalya şəhərində Gürcüstan Respublikasının “Gürcü Folkloru və Klassik Musiqi İttifaqı” nın təşkilatçılığı ilə keçirilən bu müsabiqə klassik musiqi ifaçıları arasında böyük nüfuza malikdir. Belə ki, hər il dünyanın müxtəlif ölkələrindən bu müsabiqəyə qatılan istedadlı ifaçılar gələcəkdə beynəlxalq arenaların ən məşhur ifaçıları sırasına daxil olurlar.
Bu il 25 aprel-2 may tarixləri arasında keçirilən bu müsabiqədə dünyanın müxtəlif ölkələrindən çaxsaylı iştirakçılar qatılmışdılar. Müsabiqədə ölkəmizi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə- müəllim heyəti solo fortepiano, fortepiano dueti və violin nominasiyaları üzrə layiqli bir şəkildə təmsil etmiş oldular. Nümayəndə heyətinin rəhbəri, eyni zamanda müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tədris işləri üzrə” prorektoru , Əməkdar müəllim, fəlsəfə doktoru, professor Nərminə Quliyeva idi. Məhz onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan musiqiçiləri ölkəmizə uğur qazandırdılar.
Onu da qeyd edək ki, münsiflər heyətinə həmçinin görkəmli musiqiçi-professorlar- Rustam Şaikhutdinov (Başqırdısan), Veronika Vitaite ( Litva), Deividas Staponkus (Litva), İrena Laurushiene (Litva), Manana Duqladze (Gürcüstan), Tsisino Bishikaşvili (Gürcüstan) daxil idilər.
Eyni zamanda bu müsabiqədə Bakı Musiqi Akademiyasının tələbələri - violin nominasiyası üzrə Cavid Ağayev ( 1-ci dərəcəli mükafat), solo fortepiano nominasiyası üzrə Ayan Həsənova ( 3-cü dərəcəli mükafat), Gülsarə Bağırova isə diplomla təltif olunmuşlar. Nəzərinizə çatdıraq ki, bu mükafatlar digər iştirakçılar ilə bölüşdürülməyərək yalnız bizim musiqiçilərə təqdim olunmuşdur.
Müsabiqə çərçivəsində təşkil olunmuş Beynəlxalq Festivalda Akademiyanın müəllim-tələbə heyəti Nigar Məlikova, Könül Hüseynova, Pərvanə Xanlarova ( baş müəllim), Nərmin İbrahimova (dosent, konsertmeyster) Cavid Ağayev uğurla çıxış edərək Azərbaycan bəstəkarları Fikrət Əmirov və Arif Məlikovun klassik musiqi mədəniyyətinə bəxş etdiyi inciləri təqdim etmişlər.
Laureatlarımızı, bütün iştirakçı musiqiçilərimizi təbrik edir və yeni sənət uğurları diləyirik!