Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisinin açılışı olacaq.
Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alacaq. Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin orijinal işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparacaq. Həmin obrazların “canlanacağı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirəcək.
Azərbaycanın “Synergy Partnership” şirkəti və Rusiyanın tanınmış “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçirilən sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın orijinal fotolarının nümayişi olacaq. Dalinin ifasında olan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.
Qeyd edək ki, vaxtı ilə Dali İtaliya hökumətindən Dante Aligyerinin məşhur "İlahi komediya"sına illüstrasiyalar üçün sifariş almışdı. İtalyan şairin əsərinə illüstrasiyanın ispaniyalı rəssam tərəfindən qələmə alınacağından xəbər tutan İtaliya cəmiyyəti buna etiraz etdiyindən sifariş sonradan ləğv olunmuşdu. Lakin uşaqlıqdan Dante əsərlərinin vurğunu olan Dali işini dayandırmır. Həmin iş 10 il ərzində davam edir və bu müddətdə rəssam 3500 nümunə yaradır, bu isə öz növbəsində qeyri-adi rəsm effektinə nail olmağa imkan verir. Unikal istedada malik Salvador Dalinin dünyaya baxışı fərqli olub, məkan, forma və rənglə eksperimentləri sevib. Dalinin yaratdığı əsərlər surrealizm üslubundadır, rəssamın özü isə incəsənətin bu istiqamətinin ən parlaq və tanınmış nümayəndələrindən biridir. Salvador Dalinin əsərləri dünyanın ən böyük muzeylərində saxlanılaraq sürrealizmin klassikası sayılır. Rəssamın əsərləri insanların incəsənətə baxışını dəyişərək öz daxili hisslərinə köklənməyə sövq edir.
“Sürrealizm mənəm” sərgisinin Bakıda Heydər Əliyev Mərkəzində açılışının ilin əlamətdar mədəniyyət hadisəsi, incəsənətsevərlər üçün isə əsl hədiyyə olacağı şübhə doğurmur.
Sərgi aprelin 27-dən oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri aprelin 27-dən etibarən Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar. (APA)