Xəzər Xəbər

Yedditəpə kurqanlarına müdaxilə olunub FOTO

Mədəniyyət | 15:29 • 1 Mart 2023
Yedditəpə kurqanlarına müdaxilə olunub

Biləsuvar rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş abidələr yaşayış yerləri və kurqanlardan ibarətdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı ilə rayonun Bəydili kəndi ərazisində 7 kurqan qeydə alınmışdı. Ötən əsrin 70-ci illərində 7 kurqandan ikisi dağıdılmış, ərazisi tikinti və təsərrüfat məqsədilə istifadə edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq Biləsuvar rayonu ərazisindəki abidələr Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydə alınan zaman Yedditəpə kurqanları bir inventar nömrəsi ilə ölkə əhəmiyyətli arxeoloji abidələr siyahısına daxil edilib. Hazırda 5 kurqanın ətrafı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Biləsuvar rayonu üzrə baş mütəxəssisi Rafət İsayev tərəfindən çəpərlənərək qorunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, kurqanların sərhədlərinin və mühafizə zolaqlarının müəyyən edilməsi prosesi yerli və mərkəzi icra orqanlarının iştirakı ilə həyata keçirilir və bu zaman arxeoloqlar rəyçi kimi iştirak edirlər. Hazırda respublika ərazisində qeydə alınmış qoruqların sərhədləri və mühafizə zolaqlarının müəyyənləşdirilməsi ilə əlaqədar xüsusi komissiyaların işləməsinə baxmayaraq, ayrı-ayrı abidələrin sərhədləri ilə bağlı işçi qrupu yaradılmayıb, eləcə də bu zaman əsas götürüləcək meyarlar da müəyyən edilməyib. Məhz bu səbəbdən Yedditəpə kurqanlarının hər birində müdaxilə əlamətləri vardır. Yedditəpə kurqanlarına yerində baxış keçirilərkən aşağıdakılar müəyyən edilib:

Bir nömrəli kurqan (koordinatları 390 27’ 25” N; 480 33’ 47” E) Bəydili kəndi qəbiristanlığının ərazisindədir və bu səbəbdən qorunması qənaətbəxşdir.

İki nömrəli kurqan 390 27’ 12” N; 480 33’ 53” E koordinatlarında yerləşir. Kurqanın ətrafı tamamilə dağıdılmış vəziyyətdədir. Bir tərəfindən su arxı qazılıb, digər tərəflərdən isə torpaq daşınıb. Yalnız bir tərəfdə, süni göllə arada olan hissədə kiçik yastan qalır. Bu hissənin də üzərində iki yarımçıq tikili inşa edilib. Bu tikililər “kurqanın” mühafizə zolağından kənardadır və ona heç bir təsiri yoxdur. Hazırkı qalıqlara əsasən burada kurqan olmasını söyləmək mümkün deyil. Kifayət qədər dağıntılara məruz qalmış təpənin ətrafda heç bir maddi qalıqlara rast gəlinmir.

Üç nömrəli kurqan yerli əhali tərəfindən “aerodrom” adlandırılan ərazidə, 390 27’ 01” N; 480 33’ 55” E koordinatlarında yerləşir. Qismən dağıntıya məruz qalmış təpənin bir tərəfində yolun salınması ilə əlaqədar yarğan əmələ gəlib. Yarğanda iki tərəfdə üfüqi şəkildə ağac tirlərinin yanmış qalıqları izlənilir. Bu hissədə torpaq qatının çökməsi əlamətləri də diqqəti cəlb edir. Azərbaycan ərazisində tədqiq edilmiş bəzi kurqanlarda kurqanaltı sərdabələrin üzərinin ağac tirlərlə örtüldüyü və çox zaman dəfn prosesinin sonunda bu örtüyün yandırılması əlamətlərinə rast gəlinib. Üç nömrəli kurqanın da bu tip qəbir abidəsi olması ehtimalı vardır.

Dörd nömrəli kurqan 390 27’ 20” N; 480 33’ 48” E koordinatlarında şəxsi həyət evlərinin arasında yerləşir. Ətrafı çəpərlənib. Ətrafda inşa edilmiş bir fərdi evin arxası kurqana tərəf olsa da, ona xələl gətirmir. Kurqanın arxa tərəfində isə yardımçı tikilinin inşa edilməsi ona xələl gətirib. Çəpərin daxilində bir tərəfdə kiçik sahədə tikili inşa edilir. Lakin tikintinin qarşısı alınıb və onun sökülməsi üçün xəbərdarlıq edilib.

Beş nömrəli kurqan yerli əhali tərəfindən “Mal bazarı” adlanan sahədə, 390 26’ 46” N; 480 33’ 50” E koordinatlarında yerləşir. Ətrafında şəhid ailələri və qazilər üçün torpaqlar ayrılıb və onlar üçün fərdi evlərin inşasına başlanılıb. Bu kurqanın qorunma vəziyyəti qənaətbəxşdir.

“Yekunda bildirmək istərdik ki, iki nömrəli kurqanın arxeoloji abidə olmasını kəşfiyyat qazıntısı ilə dəqiqləşdirmək mümkündür. Yanmış ağac tirlərin göründüyü üç nömrəli kurqanda isə təbii təsirlərlə dağılma prosesinin getdiyini nəzərə alsaq, tədqiqata ehtiyacı olduğunu söyləyə bilərik”, - deyə məlumatda bildirilir.

Xəbər lenti

Çox oxunanlar