Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə, Puşkin adına “Qızıl medal”, ABŞ Xeyriyyə Cəmiyyətinin “Həyat açarı” (“Key to life”) mükafatı laureatı Leyla xanım Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” adlı kitabında yer alan şeirlər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
İvane Maçabeli adına Tsxinvali Peşəkar Dövlət Dram Teatrının heyəti tərəfindən səhnələşdirilmiş tamaşanın premyerası Tbilisidə Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.
Tamaşanın bədii rəhbəri, İvane Maçabeli adına Tsxinvali Peşəkar Dövlət Dram Teatrının rəhbəri, Gürcüstanın dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar artisti Qoça Kapanadze tədbiri açaraq yeni tamaşanın meydana gəlməsinin səbəbləri və Leyla Əliyevanın yaradıcılığından söz açıb.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edib. Diplomat deyib ki, Leyla Əliyevanın əsərlərinin Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış şairə Makvala Qonaşvili tərəfindən gürcü dilinə tərcümə edilərək nəşr olunması, iki il sonra isə Qoça Kapanadzenin təşəbbüsü ilə səhnəyə qoyulması ölkələrimiz arasındakı qarşılıqlı mədəni əlaqələrin bariz nümunəsidir.
Səfir gürcü sənət adamlarına Azərbaycan mədəniyyətinə göstərdikləri yüksək diqqət və marağa görə minnətdarlıq edib.
Gürcüstan Yazıçılar Birliyin sədri şair Makvala Qonaşvili isə çıxışında Leyla Əliyevanın yaradıcılığına nəzər salıb, onun şeirlərində fəlsəfi fikirlərin dərin məna daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, Leyla Əliyevanın şeirlərinin Tbilisidə səhnələşdirilməsi ilə iki xalq arasında daha bir körpü salınıb.
“Bu gün əsl incəsənət bayramıdır. Çünki Leyla Əliyevanın parlaq şeirləri nümayiş etdirildi və Gürcüstanın tanınmış aktyorları onun şeirlərini səhnələşdirdilər. Həmçinin qeyd edim ki, bu nümayiş tanınmış və sayılıb-seçilən rejissor Qoça Kapanadze tərəfindən səhnələşdirilib. Zal isə poeziya sevən insanlarla dolu idi. Bu gün Gürcüstan və Azərbaycan xalqları arasında daha bir əhəmiyyətli körpü salındı və bu böyük adət-ənənəyə, isti münasibətlərə malik iki xalq üçün bir bayramdır.
Fəxrlə deyə bilərəm ki, Leyla Əliyevanın mükəmməl poeziyası mənim tərcüməmlə gürcü dilində səsləndirildi. Bu, günümüzdə çox nadir rast gəlinən heyrətamiz müasir və gözəl bir poeziyadır. Düşünürəm ki, bu, gürcü xalqı üçün gözəl bir hədiyyə oldu. Ümumiyyətlə, böyük insanların övladı olmaq, böyük əcdadlara sahib olmaq bir tərəfdən qürurverici, digər tərəfdən isə çox məsuliyyətlidir. Leyla xanım öz parlaq poeziyası ilə Əliyevlər soyadının ləyaqətli varisi odluğunu bir daha sübut etdi. Kitab isə özlüyündə nəinki poeziyası ilə, həm də rəsmləri ilə çox maraqlıdır. Bu parlaq gün münasibətilə həm Gürcüstanı, həm də Azərbaycanı təbrik edirəm”, - deyə Makvala Qonaşvili vurğulayıb.
Tanınmış gürcü aktyor, Azərbaycanın dövlət mükafatı laureatı Davit Uplisaşvili premyeranın kifayət qədər uğurlu keçdiyini qeyd edib. O deyib: “Tamaşanın təqdimatında iştirak etmək mənim üçün fəxrdir. Çünki Azərbaycan və onun xalqı mənim üçün çox əzizdir. Mən Azərbaycan dövlət mükafatı laureatıyam və bu adı mənə ulu öndər Heydər Əliyev özü verib. Xoşbəxtəm ki, onun nəvəsinin belə böyük düşüncəli şeirlərinin səhnələşdirilməsində iştirak edirəm. Buna görə də hər kəsə, dəstək olan həmkarlarımıza, tamaşaçılara və Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm”.
“Dünya yuxutək əriyir” adlı teatr tamaşasının rolları Gürcüstanın tanınmış aktyorları tərəfindən canlandırılıb. Tumanişvili Teatrının aktrisası Ana Matuaşvili layihənin olduqca maraqlı və məsuliyyətli olduğunu bildirib: “Ümumiyyətlə, bu layihə üzərində işləmək çox maraqlı idi. Bu, mənim üçün bir fəxr və məsuliyyət idi, çünki çox peşəkar aktyorlarla bir səhnəni paylaşdığıma görə də çox xoşbəxtəm. Leyla xanımın poeziyası və onun ilhamı mənim üçün çox maraqlı idi. Bu, mənim ən dərin hisslərimi oyatdı, sanki baş verənləri mən özüm yaşamış kimi oldum. Onun, Makvala Qonaşvili tərəfindən tərcümə olunmuş bütün sözləri mənim ruhuma elə yaxın oldu ki, o sözlərə qarşı biganə qalmaq mümkün deyil”.
Tamaşanın bədii rəhbəri Qoça Kapanadze isə jurnalistlərə müsahibəsində deyib: “Leyla xanım çox mükəmməl fəlsəfi və həssas bir şairədir. Makvala Qonaşvilinin tərcüməsi də yaxşı alınıb. Mən düşünürəm ki, dünya premyerası Tbilisidə çox gözəl həyata keçirildi və aktyorlar öz rollarını çox yaxşı sərgilədilər. Onlar Leyla xanımın poeziyasında olan metaforları çox yaxşı canlandırdılar və mən düşünürəm ki, biz çox yaxın zamanda gürcü tamaşaçılarının qarşısına çıxacağıq, çünki bugünkü mükəmməl premyera belə deməyə əsas verir. Mən Leyla xanımın poeziyasının dərin fəlsəfi tərəflərini bizə göstərdiyinə görə müəllifə öz təşəkkürümü bildirmək istəyirəm”. (AZƏRTAC)