Xəzər Xəbər

Gürcüstanda Gəncə qapılarının saxlanıldığı məşhur monastr yanıb FOTO

Mədəniyyət | 08:35 • 12 Oktyabr 2022
Gürcüstanda Gəncə qapılarının saxlanıldığı məşhur monastr yanıb

Gürcüstanın qərbində Kutaisi yaxınlığında yerləşən məşhur Gelati monastırında yanğın olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Yanğın nəticəsində məbəd kompleksinin ikinci əsas binasının yarısı yanaraq yararsız hala düşüb.

Orta əsrlərə aid olan Gelati məbədində bir sıra tarixi abidələr, o cümlədən məşhur Gəncə qapılarının bir hissəsi saxlanılır.

Məbədin ərazisində Gelati Akademiyası, eyni zamanda, gürcü çarı David Aqmaşenebelinin qəbiri yerləşir. Kompleks unikal freskaları, eləcə də Qafqazın ən zəngin Bizans üslublu mozaikaları ilə tanınır.

Gelati monastır kompleksi 1994-cü ildən UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Gelati məbədində təmir-bərpa işlərinə 2008-ci ildə başlanılmışdı. Lakin Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bərpa işləri dayandırıldı və 2014-cü ildən yenidən davam etdirilib. Həmin ildən də bərpa prosesində daim problemlər yaranır. Əvvəlcə mərkəzi məbədin damından plitələr düşməyə başladı və onların keyfiyyətsiz olduğu üzə çıxdı. Sonra məlum oldu ki, mərkəzi məbədin damından su sızır və bu, nadir freskaların məhv olmasına səbəb olur. İctimaiyyət nümayəndələrinin etirazından sonra kirəmitli dam qismən söküldü və məbədin üzərinə müvəqqəti qalay dam örtüyü vuruldu. Həmçinin dam örtüyünün bəzi yerlərində plitələrin altına layihədə nəzərdə tutulmayan material qatlarının düzüldüyü də üzə çıxdı.

Bu yaxınlarda isə məlum oldu ki, məbədə yağış suyunun sızması nəticəsində XII əsrə aid “Tanrı Anası”nın təsviri olan mozaika zədələnib.

Xəbər lenti