Nyu-York polisi 19 milyon dollar dəyərində olan və oğrular tərəfindən talan edilən sənət əsərlərini İtaliyaya təhvil verəcək. Bu əsərlər içində ən qiymətlisi eramızdan əvvəl 200-cü ilə aid olan və hərb, zəfər ilahəsi Afinanın mərmər başıdır və onun dəyəri təxminən 3 milyon ABŞ dollarına bərabərdir. Əsər 1996-cı ildə İtaliyadakı məbəddən oğurlanıb.
Xezerxeber.az BBC agentliyinə istinadla xəbər verir ki, oğrular Afinanın mərmər başını amerikalı milyarder Mixael Steinharta satıblar. ABŞ hüquq-mühafizə orqanlarının araşırmalarından sonra ona məxsus əşyaların talan edildiyi və qeyri-qanuni qaçaqmalçılıq yolu ilə gətirildiyi sübuta yetirilib. Ona antik əşyalar almaq qadağan edilib.
Amerikalı milyarder 2021-ci ildə 70 milyon dollar dəyərində xəzinəsini təhvil verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək.