Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə azərbaycanlı xanəndə Gülyanaq Məmmədovaya Özbəkistanın Xalq artisti adı verilib.
Bununla bağlı təəssüratlarını Modern.az-la bölüşən Xalq artisti Gülyanaq Məmmədova Özbəkistan Prezidenti tərəfindən fəxri ada layiq görülməsinin onun üçün gözlənilməz olduğunu və özünü çox xoşbəxt hiss etdirdiyini bildirib.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu təltiflə bağlı təşəkkürümü bildirirəm. Mən Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov tərəfindən dəfələrlə dəvət almışam, orada çıxışlar etmişəm. Düşünürəm ki, bu ada layiq görülməyimdə onun da payı var, ona da təşəkkür edirəm. Həmçinin Özbəkistandakı səfirimiz Hüseyn Quliyevə də təşəkkür edirəm. Mən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə birgə Özbəkistana dəfələrlə səfərdə olmuşam. Bütün bunları nəticəsidir ki, Özbəkistanın Xalq artist adına layiq görüldüm və özümü çox xoşbəxt hiss edirəm. Bu, həm də qardaş Özbəkistan tərəfindən Azərbaycan mədəniyyətinə verilən çox böyük dəyərdir".
Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanla bağlı gələcək planlarından da danışıb:
“Bu ada layiq görülməyimi bu gün eşitdim. Amma 1 ay əvvəldən beynəlxalq festivalda çıxış etmək üçün Samir müəllim tərəfindən dəvət almışdım. İnşallah, Özbəkistanda oranın Xalq artisti kimi səhnəyə çıxanda bundan çox qürurlu olacağam”.
Xatırladaq ki, Özbəkistan Prezidentininin sərəncamları ilə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova mədəni-ədəbi əlaqələrimiz sahəsindəki xidmətlərinə görə ölkənin nüfuzlu “Dostluq” ordeninə layiq görülüblər.