Azərbaycanın bütün bölgələri mədəni irsimizi əks etdirən qədim tikililər, tarixi-memarlıq abidələri ilə zəngindir. Belə rayonlardan biri də tarixi-memarlıq abidələri ilə seçilən Astara rayonudur.
Rayonun Ərçivan qəsəbəsində “ləm” adlanan yay evləri xüsusi orijinallığı ilə seçilir. XVIII-XIX əsrlərdən qalan bu tikililər təbii fəlakətlərin təsirindən, yaxud da baxımsızlıqdan dağılsa da, bir neçəsi günümüzə qədər gəlib çatıb. Belə ləmlərdən biri hazırda Ərçivanda qorunub saxlanılır.
Bu ləm “Ulduz” filminin əsas səhnələrindən olan, Məhəmmədlə Züleyxanın dialoqunun çəkildiyi tikilidir. Astaraya gələn qonaqlar filmin çəkildiyi həyətə baş çəkməmiş geri dönmürlər.
Məşhur tikili qəsəbə sakini Əsədulla Musayevin həyətində yerləşir. Ev sahibinin sözlərinə görə, 116 yaşlı bu ləmin qırmızı kərpicdən olan hissəsində yumurta sarısı, keçi tükü və küldən istifadə edilib.
Digər hissələri isə yerli meşə materiallarından hazırlanıb. Ləmdə istifadə olunan bütün taxta konstruksiyalar keçirmə yolu ilə işlənib, yəni, mismardan istifadə edilməyib.
Ə.Musayev deyir ki, həyətindəki ləmi 1906-cı ildə onun babası tikib. 40 kvadratmetr sahəsi olan tikilinin damını, əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən qamışla örtürlərmiş. Sonralar isə qamışı, daha möhkəm tikinti materialı olan kirəmit əvəz edib. Uzun müddətdir baxımsız vəziyyətdə qalan ləmin damına vurulan həmin kirəmitlər, eləcə də taxtadan olan bəzi hissələri yararsız hala düşüb və ciddi təmirə ehtiyacı var.
Qeyd edək ki, ləmlərin bəziləri gözəl arxitektura nümunəsi, özünəməxsus tikili olduğuna görə, sonradan yerli əhəmiyyətli abidələr kimi dövlətin qorunması altına alınıb. (AZƏRTAC)