Xəzər Xəbər

Cüneyt Arkın Azərbaycanda kimlərə gül bağışlayıb? 31 İLİN XATİRƏLƏRİ/FOTO

Unudulmaz görüşün təəssüratları hələ də onu görən insanlarda xoş xatirələr oyadır
Mədəniyyət | 14:41 • 29 İyun 2022
Cüneyt Arkın Azərbaycanda kimlərə gül bağışlayıb?

Ötən gün dünyasını dəyişən “Yeşilçam” ulduzu, türk kinosunun əfsanəsi Cüneyt Arkın illər öncə Azərbaycanın Zaqatala rayonunda qonaq olub. Bir neçə kolxozu, məktəbləri gəzən məşhur aktyor sadə zaqatalalıların evinə gedib, vətəndaşlarla görüşüb. Bu unudulmaz görüşün təəssüratları hələ də onu görən insanlarda xoş xatirələr oyadır.

 

Cüneyt Arkının Zaqatala Fındıq Zavodunun kollektivi ilə görüşü 

Cüneyt Arkının Zaqatalaya səfəri 1991-ci ildə baş tutmuşdu. Azərbaycan Sovet Respublikasının dəvəti ilə Türkiyə Kino Birliyinin bir qrup nümayəndəsi Azərbaycana təşrif buyurmuşdu. Qonaqlar arasında Türkan Şoray da olmalıydı. Lakin o hansısa səbəbdən gələ bilməyib. Qonaqları müşayiət edənlər arasında o vaxt  Zaqatalanın yerli radiosunda məsul redaktor işləmiş Elmira Mehdiyeva da olub. O, xatirələrini lent.az-la bölüşür:

Cünet Arkının Zaqatala ziyalıları ilə görüşü

“Rayon rəhbərliyi xarici qonaqları təmtəraqla qarşıladı. Bir gün qonaq qaldılar. Mehmanxanada gecələdilər. Şəhərdə diyarşünaslıq muzeyində, univermağa, bir də Aşağı Tala kəndinə getdilər, kolxozçularla görüşdülər, kənd sakinlərinin birinin evində qonaq oldular. Onlara elə bir süfrə açılmışdı, quş südü, can dərmanı, nə desən var idi. Bütün yeməklərimiz bəyənir, heyranlığını bildirirdi”,- deyə Elmira xanım qeyd edir.

Cüneyt Arkın çox məşhur olmasına baxmayaraq, olduqca sadə mütəvazi bir insan kimi qalıb  Elmira xanımın yadında.

“Hamıyla  mehribanlıqla söhbət edirdi. Aramızda tərcüməçi yox idi. O deyirdi ki zaqatalalıların ləhcəsi qədim türk dilinə çox yaxındır və o bizi rahatlıqla anlayırdı. Zaqatalada Cüneyt Arkını ən çox heyrətləndirən şey insanlarımızın mehribanlığı idi. Yerli sakinlərin hər birinin səmimiyyətlə qapısını açıb, evinə dəvət etməsi aktyoru  xeyli məmnun eləmişdi.  Mənim üçün təqvimə imza atmışdı, o imzalı təqvimi indi də qoruyub saxlayıram. Cüneyt Arkın gələndə azadlıq duyğuları yeni-yeni cücərirdi və biz Türkiyə barədə bütün informasiyaları çox maraqla dinləyirdik. Cüneyt Arkının bircə gün rayonumuzda qonaq olması insanlar arasında əməlli başlı ajiotaja səbəb olmuşdu”,- deyə Elmira xanım qeyd edib.

Cüneyt Arkının Zaqatala səfərindən foto

Həmin vaxt partiya işində işləyən və indi rəhmətə getmiş Cahangir Soltanov da qonağı müşayiət edirmiş. O, xatirələrində danışırmış ki, Zaqatalada Cüneyt Arkın üçün gözəl səhər yeməyi hazırlanıbmış. Süfrədə bizim qaydalarımızla bal, qaymaq, növbənöv pendirlər, kərə yağı olmasına rəğmən aktyor süfrəyə pomidor, xiyar gətirilməsini xahiş edib. Türklərin səhər yeməyində pomidor xiyar yeməsi o zaman yerli sakinlər tərəfindən təəccüblə qarşılanıb. Cüneyt Arkın Zaqatala mətbəxini, xüsusilə yarpaq dolmasını daha çox bəyənibmiş. Cahangir Soltanov həmişə  dolma yemək istəyəndə zarafatla xanımına deyərmiş: “Mənə Cüneytbəyəndi bişir, onun sevdiyi yeməkdən”.

Cüneyt Arkının Zaqatala səfərində iştirak etmiş çoxsaylı sakinlər lent.az-a xatirlərini bölüşüb.

Lalə Xəlilova deyir ki, o zaman Zaqataladakı “Babək” kinoteatrında Cüneyt Arkınla görüş təşkil edilmişdi: “Görüşdən sonra aktyorun baş rolda oynadığı “Arım, balım, pətəyim” filmi nümayiş etdirildi. O zamanlar Cüneyt Arkın bizim tamaşaçılara məhz bu filmlə özünü tanıtmış, sevilmişdi. Minlərlə qadın bu yaraşıqlı, xarizmatik adama heyran olmuşdu”.  

Cüneyt Arkının Zaqatala sakini Cahangir Soltanovla fotosu

Cüneyt Arkının Zaqatalada qonaq olduğu günlərdə  Azərbaycanda hələ Sovet hakimiyyəti dövrü idi və onun bu səfərini təbii ki, partiya nümayəndələri müşayiət edirdilər. O zaman  qonaqlar gənc bir ailəyə qonaq gedərək yerli mədəniyyəti daha dərindən öyrənmək istəyiblər. Onlar Aşağı Tala kəndində, kolxozda sürücü işləyən yeni ailə qurmuş Maarif Məmmədovun evində qonaq olublar. Deyilənə görə, Cüneyt bəy dadına baxdığı hər yeməyi çox bəyənib, daddıqca “harika”, “iyi” deyərək fikir bildirirmiş.

Rayon sakini Cuma Padarın həmin anları belə xatırlayır: “Çox bəyənmişdi Tala yeməklərini. İlk dəfə "iyi", yəni yaxşı sözünü ondan eşitmişdim. Əliylə “əla” işarəsini göstərdi, başa düşdük ki, nə demək istəyir”.

Nahidə İbrahimli isə onu belə xatırlayır: “Şıxəli Qurbanov adına 3 saylı məktəbə gəlmişdi. Həmin sinifdə oxuyurdum, türkcə suallar verdi, o zaman biz türk dilini indiki kimi anlamırdıq, uşaqlar başa düşmədilər. Soruşdu ki, “nasılsınız?” Elə bildik “hansı sinifsiniz?” soruşur, dedik 8-ci sinif.  O da çaşqılıqla baxdı. Müəllim də tez düzəliş etmək istədi, amma yanlış tərcümə elədi. “Uşaqlar, nasılsınız- haralısınız” deməkdi. Uşaqlar xorla “azərbaycanlıyıq” cavabını verdilər. Bu anlaşılmazlıq böyük aktyor tərəfindən təbəssümlə qarşılandı”.

Zaqatala sakinlərindən birinin dediyinə görə Cüneyt Arkın onun nənəsi Qızılgül Manafovaya gül bağışlayıb. Türkiyəli qonaqlar kinoteatra yerli sakinlərlə görüşə gedirdilər. Kinoteatrla üzbəüz küçədə nənəmgilin evi var idi və həmin vaxt nənəm  küçədə, qapının önündə idi. Cüneyt bəy ona bağışlanmış qızıl güllərdən birini ayıraraq nənəmə bağışlayıb və deyib ki, bu şirin nənəni çox sevdim.

Cüneyt Arkının əlindən gül alan isə təkcə nənə olmamışdı. O zamanlar Zaqatala Tarix və Diyarşünaslıq Muzeyində işləmiş bir xanım (adının çəkilməsini istəmir) həmin günləri belə xatırlayır: “Cüneyt Arkının ölkəmizə gəlişi bizi heyrətləndirmişdi. Onu çox sevirdim. Heç vaxt xəyal edə bilməzdim ki, ekranlarda gördüyüm, heyran olduğum aktyor bir gün mənə gül bağışlayacaq. O muzeydə olarkən mənə bir qızılgül verdi və mən o gülü illərlə kitabımın arasında qoruyub saxladım. Bu qurumuş gül ləçəkləri mənim üçün çox qiymətli idi”.


O zaman görüşdə iştirak etmiş rayon sakini Tahir Seyidzadə isə deyir ki, Cüneyt Arkının kinoteatrda görüşü zamanı ölkəmizi çox gec tanıdığı üçün təəssüfləndiyini bildirib: “O dedi ki, Türkiyənin ucqar kəndlərində olanda Türkan Şorayı daha çox tanıyırmışlar. O  zamanlar gediş-gəlişin olmadığı Azərbaycanda bu qədər tanındığını, sevildiyini bilmirmiş. Bu arada bir qeydi etmək də yerinə düşər. Türk filmləri Türkan Şoray və Cüneyt Arkın cütlüyü ilə daha gözəl oldu. 28 iyun Türkan Şorayın doğum, Cüneyt Arkının ölüm günü oldu. Bu da taleyin oyunu idi.

Bax beləcə, bir görüşün təəssüratları düz 31 il sonra yenidən yada düşdü. Bu dəfə sevgi qarışıq bir hüznlə - Cüneyt Arkını əbədiyyətə yolçu edərkən. Nur içində qal, böyük sənətkar!

Xəbər lenti

Çox oxunanlar