Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tehrana səfəri çərçivəsində İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Mehdi İmanpur ilə görüşüb.
Görüşdə Anar Kərimov iki ölkə arasındakı qarşlıqlı əlaqələrdən danışıb. Bildirib ki, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat bağlantılarının yaradılması əməkdaşlıq əlaqələrimizin inkişafını göstərir. Bununla yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsinə ehtiyac var. Mədəni əlaqələrin inkişafında mədəniyyət mərkəzlərinin fəaliyyətinin böyük əhəmiyyəti var. Azərbaycanda İranın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qarşılıqlı olaraq Tehranda da Azərbaycan Mədəniyyət Mərkəzinin açılması xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynayacaq.
Nəzərə çatdırılıb ki, Qarabağın işğaldan azad olunması ilə yanaşı, 132 kilometrlik Azərbaycan-İran sərhədi də azad olundu ki, bu da qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin əhatəli olacağına imkan yaradıb.
Qeyd olunub ki, Türkiyə, Azərbaycan və İranın əməkdaşlığı həmişə regiona sülh və əmin-amanlıq gətirib. Bu baxımdan tarixi təcrübədən çıxış edib regionda sülhün daimi xarakter daşımasına nail olmaq lazımdır. Mədəniyyət sahəsində imzalanan sənədlər kağız üzərində qalmamalı və icra olunaraq xalqlara fayda verməlidir. Mədəniyyət xalqları birləşdirən bir sahədir. Hazırda kino, teatr sahələrində əməkdaşlıq əlaqələri mövcuddur. Lakin bu əlaqələri daha da gücləndirmək lazımdır ki, xalqlar bir-birini daha yaxşı tanısın və gələcək üçün əhatəli əməkdaşlıq əlaqələri yaratsınlar. Azərbaycan filmləri bir neçə dəfə İranda keçirilən “Fəcr” film festivalında nümayiş etdirilib və geniş izləyici kütləsi qazanıb. Bu sahədə əməkdaşlıq mədəni əlaqələrə böyük töhfə verər. Odur ki, bigə filmlərin çəkilişinə başlamaq və bu filmləri hər iki ölkədə nümayiş etdirməyin vaxtı çatıb.
“İşğaldan azad olunan Şuşa şəhərində geniş quruculuq işləri aparılır. Bu şəhərdə keçirilən “Xarıbülbül” festivalında İranın folklor kollektivi də iştirak edib və maraqla qarşılanıb. Bundan sonra Şuşada keçiriləcək bütün mədəni tədbirlərdə İranın yaradıcı kollektivlərinin də iştirakını istəyirik”, - deyə nazir bildirib.
Anar Kərimov beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən UNESCO kimi nüfuzlu bir təşkilatda Azərbaycan-İran əməkdaşlığına da toxunub. Qeyd olunub ki, bu təşkilat çərçivəsində əməkdaşlıq hər iki dövlətin maraqlarını əks etdirir.
Məhəmməd Mehdi İmanpur Azərbaycanın mədəniyyət nazirini İranda görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın Tehranda Mədəniyyət Mərkəzi açmaq istəyini dəstəkləyir. İran Azərbaycanla mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Şuşa şəhəri ilə İranın şəhərlərinin biri arasında qardaşlıq münasibətlərinin qurulmasını təklif edən Məhəmməd Mehdi İmanpur bildirib ki, Qarabağın işğaldan azad olunması İranda sevinclə qarşılanıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. (AZƏRTAC)