“XəzərTV”də yayımlanan “Ata ocağı” serialının bu gün 1000-ci bölümü efirə gedəcək.
Düz 5 ildir “XəzərTV”nin efirində yayımlanan “Ata ocağı” bədii serialının baş ssenaristi Valeh Əhmədov, rejissoru Rüfət Şahbazov, kreativ prodüseri isə Amiran Babayevdir.
Ekran işinin əsas rollarını Azərbaycanın Xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, Rəşad Bəxtiyarov, Rasim Cəfərov, Mənsurə Əhmədova, Ləman Merih, Natəvan Abbaslı və başqaları ifa edirlər.
Serialın rejissoru Rüfət Şahbazov çəkiliş meydançasında daimi olaraq 19 aktyorun iştirak etdiyini bildirib: “Lakin bir çox aktyorlar epizodik rollarda və qonaq qismində kamera qarşısına keçirlər”.
“Ata ocağı”nın baş ssenaristi Valeh Əhmədov serialın belə uzunömürlü və sevilən olmasını komanda işinin mükəmməlliyi ilə əlaqələndirib: “Həmişə deyirik ki, zəncirin ən zəif tərəfi nə qədər güclüdürsə, iş də bir o qədər zəif və ya güclü alınır. Çünki, komanda bir-birinə bağlıdır: hekayə tapılır, ssenari qurulur, planlama edilir, aktyorlara ötürülür, onlar mənimsəyir, oynayırlar və sonda montaj olunur. Serialdakı aktyorlarla uzun müddətdir ki, işləyirik və buradakı ən qocaman sənətkarlar da gənc nəslin fikirləri ilə hesablaşır, onlara hörmət edir. Bu isə işin keyfiyyətinə çox təsir edir”.
Uzunömürlü serial ekranarxası maraqlı hadisələrlə də yadda qalıb. Valeh Əhmədov bildirib ki, onun qızı da filmdə epizodik rolların birində çəkilib: “Ssenariyə görə, qızım itkin düşən uşağı canlandırırdı. O, “Ata ocağı”nın atası Nazim kişiyə yaxınlaşıb, bilmədən “Nazim, narahat olma, buradayam” dedi. Halbuki Nazim baba deməli idi”.
Serial yeni mövsümdə də izləyicilərin qarşısına maraqlı hadisələr və bölümlərlə gələcək. “Ata ocağı”nın kreativ prodüseri Amiran Babayev bildirib ki, ekran işinin gələcək bölümlərində ilk mövsümlərdə rol alan bir çox tanınmış simalar yenidən kamera qarşısına keçəcəklər: “Bununla bağlı tamaşaçıları bir qədər intizarda saxlamaq istəyirik. Dəyərli sənətkarlarımızı yenidən “Ata ocağı”na çəkməyi planlaşdırırıq”.
Son bölümlərdə qətl və qisasalma hadisələrinin çoxluq təşkili serialdakı dramatik xətlərin tamaşaçıların daha çox diqqətini çəkməsi ilə əlaqədardır: “Beynəlxalq təcrübədə göstərir ki, bölümlərdə belə hadisələrin olması daha çox maraq kəsb edir. Yeni mövsümdə serialımızda yeni simalar da görəcəksiniz”.
Xatırladaq ki, serialda rol alan ADMİU-nun tələbəsi Samir Qəfərli Vətən müharibəsində şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.