Britaniyalı rəssam Benksinin “oyuncaq tövləsi” İngiltərədə 1 milyon funt sterlinqə (1,34 milyon dollar) satılıb.
TASS agentliyi xəbər verir ki, bu barədə “Anderson and Garland” hərrac evi məlumat yayıb.
Məlumatda bildirilib ki, “oyuncaq tövlə” maketi “Meriveylın kənd modeli” miniatür parkının sahibləri tərəfindən hərraca çıxarılıb. Onlar ötən il avqustun 6-da parkın miniatür tikililəri arasında eni və hündürlüyü 44 santimetr olan “tövlə” maketi tapıblar. Maketin üstündə sprey boya ilə “Ya hər şey, ya da heç nə” (Go Big or Go Home) sözləri yazılıb.
Bir neçə gün sonra küçə incəsənətinin kralı instaqram vasitəsilə İngiltərənin şərqində yerləşən Saffolk və Norfolk qraflıqlarının bir sıra kurort şəhərlərində peyda olan qrafiti və art-obyektlərin müəllifi olduğunu təsdiqləyib. Benksinin sözlərinə görə, “The Great British Aerosol Vacation” seriyasına daxil olan “oyuncaq tövlə” onun doqquz əsərindən biridir.
Bundan sonra miniatür parkının sahibləri onu surəti ilə əvəz edib, əslini isə maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərrac evində satışa çıxarıblar. BBC miniatür parkının sahiblərinin sözlərini sitat gətirib: “Benksi bizim xilaskarımız oldu, çünki biz pandemiya səbəbindən uzun müddət idi ki, fəaliyyətimizi dayandırmışdıq. Ümid edirik ki, bu satış kəndimizin gələcəyini təmin edəcək”.
“Lota maraq o qədər yüksək idi ki, biz onu bir neçə yüz min funt sterlinq dəyərində qiymətləndirdik, ancaq sonda vergiləri nəzərə alsaq, o 1 milyon funt sterlinqə satıldı. Bu, küçə incəsənəti əsəri üçün ödənilən çox yaxşı məbləğdir”, - deyə “Anderson və Qarland” hərrac evinin nümayəndəsi Yan Baiyat-Smit bildirib.