Xəzər Xəbər

Azərbaycanda qızıl mədəni ərazisində arxeoloji abidə aşkarlanıb FOTO

Mədəniyyət | 14:17 • 1 Dekabr 2021
Azərbaycanda qızıl mədəni ərazisində arxeoloji abidə aşkarlanıb

“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisində həyata keçirilən tikinti-quraşdırma işləri zamanı qədim maddi mədəniyyət qalıqlarına dair yeni fraqmentlər aşkar edilib.

QSC-dən bildirilib ki, üzə çıxarılan arxeoloji abidənin araşdırılması məqsədilə ərazidə işlər dərhal dayandırılıb, arxeoloji ekspedisiyanın təşkil edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə “AzerGold” QSC və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında 2021-ci il sentyabrın 3-də bağlanmış müqavilə çərçivəsində ərazidə çöl-tədqiqat işləri aparılıb. Arxeoloji qazıntılar zamanı ərazidə Son tunc-Erkən dəmir dövrünə aid (e.ə.II min.sonu-I min. əvvəli) 58 daş qutu qəbir müəyyən edilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbirlərdə insan sümükləri ilə yanaşı, xəncər, nizə və toppuz, bilərzik, sırqa, kəmər, muncuq və sair silah və məişət əşyaları aşkarlanıb. Əşyalar arasında çoxsaylı saxsı küpə, bardaq, qazan, kasa və sair, həmçinin Misirdən gətirilmiş mavi pasta muncuqları və Hind okeanı üçün xarakterik olan kaurilərə rast gəlinib.

Arxeoloji tədqiqat prinsiplərinə uyğun olaraq ərazidə aşkar edilmiş qəbirlərin hamısı təmizlənib, foto və qrafik təsvirləri çəkilib və müvafiq qeydlər aparılıb. Maddi mədəniyyət nümunələri ərazidən götürülərək qablaşdırılıb, kameral tədqiqatların aparılması üçün İnstitutun arxeoloji fonduna təqdim olunub. Arxeoloqların qənaətinə görə, aşkar olunan yeni arxeoloji abidə 2019-cu ildə “Çovdar” qızıl mədənin 3-cü topaqələviləşdirmə sahəsində tədqiq edilmiş nekropolun bir hissəsidir. Həmin dövrdə “Çovdar” nekropolunda aparılmış qazıntılar zamanı 156 qəbir, 6000-dən çox eksponat tapılıb və tədqiq edilib. Hazırda həmin nümunələr əsasında yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda analizlər aparılır. Analiz təhlillərinin nəticəsində qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatlar əldə ediləcək. Qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu öyrəniləcək. Bununla da qədim insanların məişəti, həyat tərzi, məşğulluqları, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək.

Xəbər lenti

Çox oxunanlar