Azərbaycan öz ərazilərini 30 illik Ermənistan işğalından azad etdi və 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan rəhbərləri tərəfindən üçtərəfli Bəyannamənin imzalanması ilə Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma sona çatdı. Ermənistan işğal etdiyi ərazilərdə, eləcə də Ermənistanda Azərbaycanın mədəni irsini məhv etmək, qarət etmək və mənimsəmək üçün sistemli siyasət yürüdüb. Ermənistan abidələri dağıtmaq, memarlıq xüsusiyyətlərini dəyişmək və "arxeoloji" qazıntılar aparmaqla Azərbaycan mənşəli olduğunu bildirən bütün əlamətləri ortadan qaldırmaq kimi hədəflərə çatmaq məqsədi güdüb.
Bu fikirlər UNESCO-dakı daimi nümayəndəmiz, səfir Elman Abdullayevin qurumun İcraiyyə Şurasının 212-ci sessiyasında səsləndirdiyi milli bəyanatda yer alıb.
Bildirilib ki, bu kimi fəaliyyəti ilə Ermənistan UNESCO-nun sənədləri də daxil olmaqla, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının və onun iki Protokolunun, habelə “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri haqqında” Konvensiyanı, beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.
“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və firavanlıq üçün yeni perspektivlər açıb. İndi sülhün qorunması, reabilitasiya və yenidənqurma işləri, məcburi köçkünlərin geri qaytarılması mütləq prioritet olmalıdır. Bunu nəzərə alaraq, Azərbaycan Hökuməti münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiyanın yeni mərhələsinə qədəm qoyub. Hökumət artıq onilliklərdir davam edən ərazilərin işğalının nəticələrini aradan qaldırmaq, o cümlədən tarixi, mədəni və dini irs abidələrimizin bərpası məqsədilə praktiki addımlar atmağa başlayıb”, - deyə E.Abdullayev vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq ən yüksək səviyyədə, lazımi qaydada saxlanılacağına, bərpa ediləcəyinə qərar verib. Azərbaycanın mədəni paytaxtı Şuşa da daxil olmaqla, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dini məkanlar, tarixi abidələr, məqbərələr, ev-muzeyləri bərpa olunur. Bu bərpa və yenidənqurma işləri beynəlxalq mütəxəssislərin iştirakı ilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək üçün orijinal memarlıq üslubuna uyğun olaraq aparılır.
Daimi nümayəndə əlavə edib ki, münaqişə bitdikdən sonra mədəni irsə çıxış bərpa olunub. Bu da Azərbaycanın mədəni irsinə vurulan ziyanı qiymətləndirməyə imkan yaradıb. Bu amil UNESCO-nun fəal rolunu tələb edir.
“Bununla əlaqədar olaraq, məlumat vermək istəyirəm ki, bu gün Azərbaycan Respublikasının münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil UNESCO texniki missiyasının göndərilməsi ilə bağlı danışıqlar davam edir. Əslində, Azərbaycan Hökuməti belə bir missiyanın göndərilməsinin zəruriliyini istədi və son 30 illik işğal dövründə çoxsaylı platformalarda bunu UNESCO -nun diqqətinə çatdırdı. Lakin bu missiyaya hər dəfə Ermənistan tərəfindən maneə yaradılması və qarşısının alınması 2005-ci ilin hesabatında aydın göstərilib. Azərbaycan UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verir və konstruktiv dialoqa hər zaman açıqdır. İnanırıq ki, çoxdan gözlənilən bu missiyanın dərhal həyata keçirilməsi işğal zamanı zədələnmiş, talan edilmiş və ya dəyişdirilmiş mədəni irsin bərpasına və yenidənqurulmasına mühüm töhfə olacaq”, - deyə E.Abdullayev qeyd edib.
Vurğulanıb ki, bu ərazilərdə həyat yenidən canlandıqca, 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın simvolu Cıdır düzündə iki günlük musiqi bayramı, "Azərbaycan musiqisində multikulturalizm" devizi altında ölkədə yaşayan müxtəlif etnik azlıqların musiqi yaradıcılığını əks etdirən mədəni tədbir keçirildi. Tədbir çərçivəsində Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Bülbül və Xan Şuşinski daxil olmaqla, Azərbaycanın görkəmli bəstəkar və müğənnilərinin şah əsərləri səsləndirilib. Müsəlman dünyasında ilk operanın müəllifi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş 18 Sentyabr - Milli Musiqi Günü bu il ilk dəfə Şuşada qeyd edilib. Doğulduğu Şuşa şəhərində Üzeyir Hacıbəylinin abidəsinin açılışı olub.
Daimi nümayəndə deyib ki, 2021-ci ildə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi qeyd edilir. Prezidentin Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan olunub. Azərbaycanın təşəbbüsü ilə sentyabrın 24-də UNESCO-nun görkəmli nümayəndələrinin fəal iştirak etdiyi “Nizami fəlsəfəsi prizmasından bərabər təhsil və gender bərabərliyi” adlı veb-seminar təşkil edilib.
Oktyabrın 4-də Azərbaycan Hökuməti və UNESCO-nun təşkilatın mənzil-qərargahında Nizami Gəncəviyə həsr olunmuş mədəni tədbir keçirdiyini qeyd edən E.Abdullayev tədbirə dəyərli dəstəyinə görə Baş direktora və üzv dövlətlərə dərin təşəkkürünü bildirərək deyib: “Azərbaycanın UNESCO-dakı fəaliyyətinə gəldikdə, hamınız bilirsiniz ki, mənim ölkəm UNESCO-nun müxtəlif fəaliyyətlərinin tərəfdarı olub və bundan sonra da belə olacaq”. (AZƏRTAC)