Xəzər Xəbər

Salyanlı oymaçı “Dəmir yumruq” kompozisiyası üzərində işləyir REPORTAJ

Mədəniyyət | 13:11 • 6 Oktyabr 2021
Salyanlı oymaçı “Dəmir yumruq” kompozisiyası üzərində işləyir

Dekorativ tətbiqi sənətin bədii oyma növü hər bir ustadan böyük səbir tələb edir. Hazırda sənətin bu növünü yaşadanlar təəssüf ki, elə də çox deyil. Belə azsaylı sənətkarlardan biri də Salyan şəhər sakini Rauf İbrahimovdur.

Xezerxeber.az xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı Rauf İbrahimovun emalatxanasında onunla görüşüb, söhbət edib.

Oymaçı Rauf İbrahimovla görüşmək üçün əvvəl elə bildim ki, şəxsi emalatxanasına gedəcəyəm. Amma onu görmək üçün Salyan şəhər 4 saylı orta məktəbə gəlməyim xahiş edildi. Usta ilə görüşəndə aydın oldu ki, o, burada həm də təsviri incəsənət müəllimi işləyir.

Rauf İbrahimov bədii oyma sənətinə hələ uşaq yaşlarından maraq göstərib. Sonralar bu istək və maraq onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib. O, burada “Bədii qrafika” fakültəsinin tələbəsi olub. İxtisasca təsviri incəsənət və rəsmxət müəllimi olan 49 yaşlı həmsöhbətimiz ilk peşəkar işini 2000-ci ildə hazırlayıb: “Hələ o vaxt qoz ağacından 4 əl işi hazırlamışdım. Sonra bu işə bir müddət ara verdim. Amma 2019-cu ildə yenidən oymaçılıqla məşğul olmağa başladım. Bu dəfə ciddi”.

Oymaçıya elə məktəbin emalatxanasında şərait yaradılıb. Məktəbin həyətində bitən göyrüş ağaclarının qurumuş hissələrindən istifadə edərək, kompozisiyalar hazırlayıb.

Rauf ustanın ilk peşəkar əl işi Bəhram Gurun heykəl kompozisiyasıdır. Bundan sonra Xəlil Rzanın büstünü, “Naməlum skripkaçı” və “İspan döyüşü” əsərlərini yaradıb. İş prosesində daha çox qoz, qızılgöz və göyrüş ağaclarından istifadə edir.

Onun ən maraqlı əl işlərindən biri dahi mütəfəkkir, şair Nizami Gəncəvinin 880 illiyinə həsr etdiyi “Nizami kompozisiyası”dır. Göyrüş ağacından hazırlanan bədii oyma əsəri cəmi iki aya başa gəlib.

Oymaçı son iki ildə ağac üzərində 30-dan çox əsər yaradıb. Bunlar arasında Aşıq Ələsgər, Xocalı faciəsi, morj, ov və başqa kompozisiyalar diqqəti cəlb edir.

Həmsöhbətimiz hazırda 44 günlük Vətən müharibəsinin simvoluna çevrilən “Dəmir yumruq” kompozisiyası üzərində çalışır. Oyma ustası deyir ki, bu sənət sonsuz səbir tələb edir: “Ağac üzərində oyma dekorativ tətbiqi sənət sayılır. Bu sənətdə fiqurlar qabaritli, yaxud tam olduğu üçün heykəltəraşlığa da aid edilir. Heykəltəraşlığın da iki növü var, yapma və yonma. Bu gördüyünüz əl işi heykəltəraşlığın yonma növünə aiddir. Bu sənət mənim üçün sanki bir mənəvi qidadır”.

Rauf usta bildirir ki, dərs keçdiyi məktəbdə bədii oyma sənəti ilə maraqlanan şagirdlər o qədər də çox deyil. Bu sənət ciddi diqqət tələb etdiyindən şagirdlərin çoxu yorulur və sənəti yarı yolda buraxırlar. Amma buna baxmayaraq, bir neçə şagird var ki, onlar sənətin əsl mahiyyətini anlayırlar.

Bədii oyma ustası əl işlərini satışa çıxarmır, ən böyük arzusu isə fərdi sərgisinin keçirilməsi və şəxsi emalatxanasının olmasıdır.

Xəbər lenti

Çox oxunanlar