Xəzər Xəbər

Pandemiya şəraitində kinoteatrların işinin təşkili müzakirə olunub

Mədəniyyət | 19:01 • 29 Sentyabr 2021
Pandemiya şəraitində kinoteatrların işinin təşkili müzakirə olunub

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev və marketinq direktoru Musa Axundov iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Mədəniyyət Nazirliyində aparılan islahatlar barədə məlumat verən Elnur Əliyev kinematoqrafiya sahəsinə də xüsusi diqqət ayrıldığını, bu mənada kino nümayişinin prioritet sahələrdən olduğunu vurğulayıb.

Görüşdə kinoteatr rəhbərləri mövcud problemlər və gələcək planlar haqqında ətraflı məlumat veriblər. Bir ildən artıqdır ki, fəaliyyətini dayandıran kinoteatrlarda pandemiyanın mənfi təsiri, mövcud problemlər və perspektivlər müzakirə olunub, müəssisələrin ölkədə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməklə əhaliyə yüksək səviyyədə xidmət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev nazirliyin bu istiqamətdə kino nümayişi müəssisələrinə dəstək olacağı və birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görəcəyini bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 1 oktyabr 2021-ci il tarixdən ölkədə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunacaq.

Xəbər lenti

Çox oxunanlar