Denis mağarasındakı müxtəlif çöküntü təbəqələrindən götürülmüş DNT-ni analiz edən alimlər bu vacib arxeoloji obyekt üçün məskunlaşma xronologiyasını ilk dəfə bərpa ediblər. Mağarada aşkar edilmiş ən qədim DNT Denis insanlarına aiddir, neandertallar orada sonradan yaşayıblar. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.
Sibirin cənubunda Dağlıq Altayda yerləşən Denis mağarası Denis insanlarının kəşf edilməsi ilə məşhurdur. Hesab olunur ki, həmin insanlar vaxtilə Mərkəzi və Şərqi Asiyanın böyük bir hissəsində yaşamışlar. Həmçinin ərazidən neandertalların qalıqları, habelə anası neandertal, atası Denis olan uşaq sümüyü tapılıb ki, bu da vaxtilə iki insan qrupunun eyni zamanda yaşadığından xəbər verir. Lakin bu günədək mağarada 300 min ildən çox bir dövrü əhatə edən çöküntülərdən neandertal və Denis insanlarının sümük və dişlərindən 8 fraqment aşkar edilib. Bu, məskunlaşmanın qaydasını və vaxtını müəyyənləşdirmək, habelə mağarada tapılmış müxtəlif növ daş alətləri və digər artefaktları konkret hominini qrupları ilə əlaqələndirmək üçün çox azdır.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu suala cavab vermək məqsədilə Almaniya, Avstraliya, İsrail və Rusiyadan olan alimlər 300-20 min illik dövrə aid 700-dən çox çöküntü nümunəsi toplayaraq, onlardan üzvi mənşəli DNT – insan və heyvanın mikroskopik fraqmentlərini götürüblər. 175 nümunədə hominini mitoxondrial DNT-si aşkarlanıb.
Alimlər müəyyən ediblər ki, ən yaşlı insan DNT-si 250-170 min il əvvələ aiddir və Denis insanına aiddir. Neandertalların DNT-si həmin dövrün sonunda meydana gəlib. Mağarada Denis insanlarının ilkin məskunlaşmasını həmin təbəqələrdə aşkarlanmış xarakterik daş alətlər də təsdiq edir.
Müəlliflər güman edirlər ki, 130 və 100 min il əvvəlki dövr arasındakı müddət istisna olmaqla, Denis insanları və neandertalları həmin yerdə dəfələrlə məskunlaşıblar. İstisna edilən dövrün çöküntülərində Denis insanı DNT-si olmayıb. Bu “fasilə”dən sonra Denis insanlarında digər mitoxondrial DNT olub ki, bu da regiona digər populyasiyanın gəlməsi barədə fərziyyə söyləməyə imkan verir.
Tədqiqat, həmçinin sözügedən regiona müasir insanın nə vaxt gəlməsi sualına cavab verməyə imkan yaradıb. Onun ən qədim DNT-nin 45 min yaşı var. Bu yaşda olan təbəqələrə Yuxarı Paleolit dövrünün ilkin mədəniyyətinə aid bəzək və asma bəzək tapıntıları aid edilir.
Arxeoloqlar bu artefaktların kim tərəfindən – Denis adamları, neandertallar və ya müasir insanlar tərəfindən yaradılmasına dair son vaxtlaradək mübahisə ediblər. Müəlliflər, habelə 685 nümunədə it, ayı və ata aid mitoxondrial DNT aşkar ediblər.
Nümunələrin toplanmasına bir həftə, onlardan Leypsiqdə Maks Plank Təkamül Antropologiyası İnstitutunun laboratoriyalarında qədim insan və heyvan mitoxondrial DNT izlərini ayırmaq və sekvenləmək üçün isə iki il vaxt sərf olunub. Nəticədə alimlər Denis mağarasında ilk dəfə kimin məskunlaşdığını nəinki aydınlaşdırıblar, indiyədək mağarada Homo sapiens qalığı aşkarlanmadığına baxmayaraq, regionda ilk müasir insanların nə zaman meydana gəldiyini müəyyənləşdiriblər.