Xəzər Xəbər

Bu dünya dəmyə dünyadı, nə bitdi, bitdi...

Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasından 82 il ötür
Mədəniyyət | 10:44 • 5 İyun 2021
Bu dünya dəmyə dünyadı, nə bitdi, bitdi...

Dəmyə yerin işi çox çətindi, toxumu əkdin bitə də bilər, bitməyə də. Amma onun “əkdikləri” bitdi, özü də dən-dən. Ona görə ki, “Bu dünya dəmyə dünyadı, nə bitdi, bitdi...” deyən Vaqif Səmədoğlu göyərib dən olunca çox əzablara qatlaşdı. Nə atasının şöhrətinə sığındı, nə də imkanına. Əlinə qələm alıb yazmağa başladığı ilk gündən sözün məsuliyyətini, dəyərini anladı, sözün böyüklüyünə tapındı, dəmyə yerdə də hər dənin sünbül olacağına inandı və çıxdığı yolla geriyə baxmadan, tərəddüd etmədən irəlilədi. O yerə qədər gəlib çatdı ki, artıq orada təkcə Səməd Vurğunun oğlu Vaqif yox, həm də Vaqif Səmədoğlu oldu.

AZƏRTAC xəbər verir ki, bu gün ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 82-ci ildönümü tamam olur.

Azərbaycan poeziyasında öz yolu, öz dəst-xəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açdı. İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.

Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.

Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.

Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.

Yaşasaydı bu gün 82 yaşını qeyd edəcəkdi Vaqif Səmədoğlu. Olumla ölümün haqq olduğunu, dünyanın faniliyini, heç nəyin və heç kimin əbədi olmadığını çoxlarından yaxşı dərk edən şair, bəlkə də elə buna görə yazırdı:

Məzarıma,

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...

Xəbər lenti

Çox oxunanlar