Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.
Bu gün Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri olan Xalq artisti Həqiqət Rzayevanın anadan olmasından 114 il ötür. Hər il bu təqvimdə xalqımız öz böyük sənətkarını xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.
Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var. 2007-ci ildə bu böyük sənətkarın anadan olmasının 100 illiyi ilə bağlı Prezident Sərəncamında “Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənni, milli musiqinin inkişafına töhfələr vermiş” bir sənətkar kimi xarakterizə olunub.
Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları, ilk növbədə, yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamlarımızı, xalq mahnılarımızı öyrənib. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkib və Həqiqət xanım az bir müddət içərisində məşhurlaşıb. Əsil adı Süsən idi, Həqiqət adını isə sonradan götürüb. Soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını daşıyıb.
Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım müəllimə olmağı arzulayırdı, amma elə uşaqlığından valideynləri onda gözəl səs olduğunu hiss ediblər.
1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin dram dərnəyinə üzv yazıblar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Bakıda elə həmin vaxtlar “Damğa” adlı satirik teatrın açılması onun da həyatını dəyişib və Həqiqət xanım həmin teatrda işləməyə başlayıb. Beləliklə, o öz sənət yolunu müəyyənləşdirib və Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1928-1932-ci illərdə Konservatoriyanın muğam şöbəsində təhsil alan H.Rzayeva burada böyük sənətkarlarla qarşılaşır.
Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynadı. Üstəlik, bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoydu. Ərəbzəngi rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu obrazın üzərində çox işlədi və “Şah İsmayıl” operası böyük müvəffəqiyyətlə nümayiş etdirildi. Onun ifası gözəl alınmışdı, haqqında qəzetlər yazmışdı. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi və Həqiqət xanımın gələcəyinə böyük ümidlər ifadə olunurdu. Beləliklə, nəhayət ki, Ərəbzənginin ilk qadın ifaçısı “kəşf” olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı. Onun tamaşalarına böyük maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı ilə dolu olardı.
1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.
Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası bu idi ki, onun məlahətli səsi obrazı tamamlayıb. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni-yeni ifaçıları yetişib.
Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, ən başlıcası isə “Xalq artisti” fəxri adına layiq görülüb.
Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır. O, kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq” sitatı yaddaşlara həkk olunub.
Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul olub. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.
İkinci Dünya müharibəsi illərində Azərbaycanın incəsənət ustaları ilə dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış edib, öz şaqraq səsi ilə əsgərləri qələbəyə ruhlandırıb. Onun yaradıcı ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr edib. Yaratdığı rollar opera sənətimizin tarixində silinməz izlər qoyub.
Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq. (AZƏRTAC)