Osmanlı Padşahlarının bayram mərasimlərində istifadə etdikləri xüsusi taxt İstanbulun Topkapı sarayında nümayiş olunmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, sarayın Rəvan köşkündə sərgilənən mərasim taxtı dini bayramlarda dövrün zövq və estetikasını özündə əks etdirən zərifliyi və funksiyaları ilə saray mərasimlərinin əsasını təşkil edirdi. Uzun illər Türkiyənin Milli Saraylar İdarəsində mühafizə edilən taxt 1603-1617-ci illər arasında İstanbulun Sultanahmet Məscidinin memarı və sədəf ustası, baş memar Mehmed Ağa tərəfindən Sultan 1-ci Əhməd üçün dizayn edilib.
XVII əsrdə Osmanlı İmperiyasının taxta, sədəf sənəti kimi əl işçiliyinin əhəmiyyətli bir nümunəsi olan taxt adətən bayram ərəfəsində sarayın əsas mərasim zallarına yerləşdirildiyi üçün “Ərəfə taxtı” olaraq adlandırılır. Padşahlar bayram mərasimlərində bu taxtda oturaraq saray əhalisi ilə bayramlaşırdılar.