Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda aparılan qazıntı işləri zamanı yaşı 2400 il olan məzar aşkarlanıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə açılan daş məzarın Mavsol dövrünə aid olduğu bildirilir. Təxminən iki metr uzunluğundakı məzarın çəkisi bir tondur. Açılan məzardan o dövrə aid iki nəfərin skeleti ilə yanaşı, güldan və digər əşyalar aşkarlanıb.
Mövzu ilə bağlı açıqlama verən nazir tarixi ərazidə aşkarlanan bu məzarın indiyədək açılmadığını və bütöv olduğunu, buradan tapılan insan qalıqlarının isə bir qadın və bir kişiyə aid edildiyini bildirib. Adıçəkilən ərazinin o dövrə aid qəbiristanlıq olduğunu bildirən nazir qazıntıların davam etdiriləcəyini, burada yeni qiymətli əşyaların da tapılacağı ehtimalının olduğunu vurğulayıb.
Ərazi şəhərin Sualtı və Arxeoloji Muzeyi tərəfindən nəzarətə götürülüb.
Türkiyə ərazisində daha bir tarixi abidə isə İzmir vilayətində aşkarlanıb. İzmirin Əliağa rayonunda qanunsuz qazıntı işləri aparılan ərazidə torpağın təxminən iki metr dərinliyində monastır və 1500 illik mozaika tapılıb. Aşkarlanan tarixi abidələrdən monastırın romalılar dövründə inşa edildiyi ehtimal olunur. Sarmaşıq motivləri ilə işlənmiş mozaikanın üzərindəki kilsənin yaşlı üzvlərindən bir nəfərin ailəsi üçün tikilməsinə dair yazı isə mütəxəssislərin diqqətini xüsusilə çəkib. Bölgədə aparılan araşdırmalara İzmirin Arxeologiya Muzeyinin əməkdaşları cəlb olunub. İlkin baxış zamanı mütəxəssislər monastırın IV-XIV əsrlərdə istifadə edildiyinə dair fikir irəli sürüblər.
Faktla bağlı iki nəfər saxlanılıb.