Bu gün Xalq artisti, görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 94 il ötür.
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumi şəhərində anadan olub. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981–1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.
“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. “Uzaq sahillərdə” filmində Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazı isə sənətkarın yaradıcılığının parlaq hadisələrindəndir.
Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.
O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib.